• 1.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 9.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg
  • 22.jpg

Zəriflik və zəhmətkeşliyin vəhdəti – bədii gimnastika

 Azərbaycanda uğurla davam etdirilən gənclər və idman siyasətinin inkişaf strategiyası və qazanılan uğurların məntiqi nəticəsi kimi, ölkəmiz regionda lider dövlətə çevrilib. Bu gün ölkənin digər regionları kimi, Naxçıvan Muxtar Respublikasında da bir çox Olimpiya İdman Kompleksi, müasir idman qurğuları, zalları, obyektləri istifadəyə verilib, bu sahənin maddi-texniki bazası möhkəmləndirilib. Əlbəttə ki, idmançılarımızın yerli və beynəlxalq turnirlərdə uğur qazanmaları göstərilən diqqət və qayğının, yaradılan şəraitin bariz nümunəsidir. Bu sahədə əldə edilən uğurlar, eyni zamanda muxtar respublikanın ümumi inkişaf səviyyəsini, iqtisadi potensialını müəyyənləşdirən vacib meyarlardan biri kimi dərin məzmun kəsb edir. Naxçıvanda uşaq, yeniyetmə və gənclərin fiziki-mənəvi cəhətdən sağlam böyüməsi üçün muxtar respublika rəhbəri idmanın inkişafı sahəsində kompleks tədbirlərin həyata keçirilməsini diqqətdə saxlayır, daim diyarımızın idman imicinin yüksəlməsinə çalışır.
İndi muxtar respublikanın bütün şəhər və rayonlarında idmanla məşğul olmaq üçün müasir tələblərə cavab verən infrastrukturun formalaşdırılması mühüm vəzifələrdən biri kimi müəyyənləşdirilib. Bütün bunlar isə gənc nəslin sağlam ruhda tərbiyəsinə, vətənpərvər ruhda böyüməsinə və idmanın kütləviləşməsinə xidmət edir. Məhz bu da Naxçıvanda yaradılan federasiyaların ildən-ilə püxtələşməsinə zəmin yaradır.
İdeal idman növü
Müasir idman yalnız zəriflik, incəlik, dözümlülük yox, həmçinin yüksək rəqabət, əqidə, zəhmətkeşlik tələb edir. Texniki olaraq hərəkətləri yerinə yetirməklə yanaşı, bu sahədə uğur qazanmaq üçün güclü xarakterə, iradəyə malik olmalısan. Məhz bu amili nəzərə alan mütəxəssislər uşaqların idman mühitinə mümkün qədər tez uyğunlaşmaları üçün onları uyğun olan idman növlərinə daha kiçik yaşdan yazılmalarını məsləhət görürlər. Çünki qaydasında edilən fiziki fəaliyyət uşağın sağlamlığına ən yaxşı şəkildə təsir göstərir: idman təbirincə desək, fiziki hazırlıq uşaq bədənini daha tez “əsəbiləşdirir”, onun “oyanmasına” təsir göstərir, iradə gücünü artırır və xarakteri gücləndirir. Bu zaman ortaya sual çıxır: uşaqda fiziki göstəricini təyin etmək üçün hansı idmana üstünlük vermək lazımdır? Müasir idman tələbləri, əldə edilən uğurlar göstərir ki, valideynlərin daha çox üz tutduqları sahələrdən biri də bədii gimnastikadır. Son zamanlar idman zallarında, məktəblərdə, uşaqların inkişafı üçün fəaliyyət göstərən mərkəzlərdə gimnastika dərslərinə verilən üstünlük artıb. Niyə məhz bədii gimnastika?
    Mütəxəssislər bildirir ki, bədii gimnastika uşağın ümumi inkişafı üçün ideal idman növüdür, böyüməkdə olan bir orqan üçün inkaredilməz fayda gətirə bilər. Bədii gimnastikanın köməyi ilə uşaqlar hərəkətləri əlaqələndirməyi yalnız fiziki deyil, eyni zamanda zehni olaraq da inkişaf etdirməyi öyrənirlər. Burada olan zəriflik bədənin tonusuna faydalı təsir göstərir. 
Naxçıvanda bədii gimnastika inkişaf etdirilir
Bədii gimnastika uşaqlara xarici mühitə uyğunlaşmağa, komanda daxilində qarşılıqlı münasibət qurmağa kömək edir ki, bu da onların sonrakı həyatında əsas rol oynayır. Həmçinin keçirilən məşqlər uşaqların mənəvi dünyasının inkişaf etdirilməsinə, mənəvi və iradi keyfiyyətlərinin gücləndirilməsinə kömək edir. Bu gün Naxçıvan Muxtar Respublikasında idmanın inkişafı, uşaq və yeniyetmələr arasında kütləvi hal alması, insanları bu sahəyə cəlb etmək üçün böyük işlər görülüb. İdman zallarının, obyektlərinin, qrupların fəaliyyət göstərməsi diyarımızda bu sahənin nə dərəcədə inkişaf etməsindən, daim diqqət mərkəzində olmasından xəbər verir. Xüsusilə sağlam gəncliyin təməli üçün uşaqların vətənpərvər, sağlam ruhda tərbiyə edilməsi, onların daim idmanla məşğul olmalarına qayğı ilə yanaşılır. Muxtar respublikada yaradılan bu şəraitdən maksimum istifadə edən Naxçıvan Muxtar Respublikası Atletika Federasiyası qazandığı uğurlarla bunu əyani olaraq sübut etməkdədir. 2020-ci ilin avqust ayında struktur dəyişikliyindən sonra federasiyanın əldə etdiyi nailiyyətlər, qazandığı uğurlar artıq ənənə halını alıb desək, yəqin ki, yanılmarıq. Ölkədaxili və beynəlxalq yarışlarda, turnirlərdə əldə edilən uğurlu nəticələr federasiyanın “2020-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında idmanın inkişafına dair Dövlət Proqramı”nın icrası yönündə gördüyü işlərin bariz nümunəsidir. Proqramın icrası məqsədilə, həmçinin Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən təhsil müəssisələrində idman klubları yaradılıb. 
...və qısa vaxtda qazanılan uğurlar
Fəaliyyət göstərən belə klublardan biri də “Xatun” Bədii Gimnastika Klubudur. Atletika Federasiyasının nəzdində fəaliyyətini davam etdirən bədii gimnastikanın muxtar respublikada inkişafı, kütləvi hal alması üçün müəyyən işlər görülüb. İlk olaraq federasiya kadr çatışmazlığını aradan qaldırmaq, peşəkar məşqçi-müəllimləri hazırlamaq üçün 2021-ci ilin may ayında məşqçilər üçün praktik seminar təşkil edib. 15 məşqçi-müəllimin sertifikat aldığı seminar, həm də bədii gimnastikanın diyarımızda inkişafına ciddi şəkildə təkan verib. 2022-ci ilin yanvar ayında federasiya Bədii gimnastika bölməsinin rəhbəri Humay Qafarovanın Azərbaycan Gimnastika Federasiyasının məşqçilər üçün Bakı şəhərində təşkil etdiyi seminarda iştirakını təmin etməklə, kadr hazırlığına nə qədər önəm verdiyini bir daha göstərmiş olub. 
    Ümumiyyətlə, cari ili Atletika Federasiyası üçün uğurlu hesab etmək olar. Aprel ayında Naxçıvan şəhərindəki İlham Əliyev adına Olimpiya İdman Kompleksində ilk dəfə olaraq muxtar respublikanın məktəbdənkənar təhsil müəssisələrinin Gimnastika dərnəyi üzvlərinin bədii gimnastika üzrə nümunəvi çıxışları olub. Tədbirdə iştirak edən gimnastlar və onların məşqçi-müəllimləri diplom və hədiyyələrlə mükafatlandırılıb. Bu müddət ərzində bölmənin rəhbəri Humay Qafarova Azərbaycan milli komandasının heyətində İsveçrənin Nevşatel şəhərində keçirilən Gimnastika hamı üçün idman növü üzrə “European Gym For Life Challange” və “EUROGYM 2022” festivallarında iştirak edib və ikinci olub. Məşqçiləri daim diqqətdə saxlayan federasiya iyul ayında onlar üçün növbəti seminar təşkil edib. Azərbaycan Gimnastika Federasiyasının məşqçi-müəllimi Züleyxa İsmayılova və xoreoqraf Sənan Məmmədli tərəfindən keçirilən bədii gimnastika və xoreo­qrafiya kurslarında iştirak edən 14 məşqçi-müəllim sertifikatla təltif olunub.
    Sentyabr ayında Azərbaycan Gimnastika Federasiyasının yenidən qurulmasının 20 illiyinə həsr olunmuş gimnastika hamı üçün növü üzrə festival keçirilib ki, burada ölkənin 23 komandasının tərkibində 200-dək idmançı mübarizə aparıb. Əhali arasında gimnastika idman növünün təbliği, sağlam həyat tərzinə çağırış, asudə vaxtın səmərəli təşkili məqsədini daşıyan festivalda Naxçıvan Muxtar Respublikası Atletika Federasiyasının Bədii gimnastika bölməsinin üzvləri də iştirak ediblər. Bir məşqçi və 7 idmançı ilə təmsil olunan komandamız ümumi nəticəyə əsasən qalib adını qazanıb.
    Hazırda federasiyanın tərkibində fəaliyyət göstərən Bədii gimnastika bölməsinin Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzi, Naxçıvan Qızlar Liseyi, Naxçıvan Dövlət Texniki Kolleci, Naxçıvan şəhər, Şərur və Ordubad rayonlarının Uşaq-Gənclər İdman məktəblərində 7 bölmə yaradılıb. Bu bölmələrdə 250-yə yaxın uşaq bədii gimnastikanın sirlərinə yiyələnir.
Məşq prosesi və məşqçi məsləhəti
Bədii gimnastika təliminin mahiyyəti müxtəlif və çoxşaxəlidir. Ümumiyyətlə, bu növ hər bir uşağın gözəl görünməsi ilə yanaşı, onun özünü dolğun, böyük kimi göstərməsinə də imkan yaradır. Çünki burada əla məşq prosesləri əzələ tonusu, uşaqların elastik şəkildə hərəkət etməsi və onların inkişafına müsbət təsir edir. Məşq proseslərini izləyərkən bir məqam diqqətdən yayınmır: uşaqların öhdəsindən gəlməli olduqları qorxu. Yeni başlayan hər bir bədii gimnastın istəyi nəticəni qazanmaq və uğurunu nümayiş etdirməkdir. Bu da qorxunun tez bir zamanda “məğlub” olması deməkdir. Məhz bədii gimnastikada qorxunun aradan qaldırılması uşağın hərtərəfli inkişafına və müəyyən hədəflərə çatmasına kömək edir.
    Bədii gimnastika vasitələri sayəsində kompleks koordinasiya hərəkətlərinin inkişafının uzunmüddətli və sabit bir təsiri olduğunu nəzərə alıb bölmənin rəhbəri Humay Qafarova ilə söhbətləşdik. Bu növün təkcə sağlamlığa yox, fərdin duruşuna da gözəllik verən bir sənət olduğunu vurğulayan baş məşqçi məşqlərdə güc yüklərindən deyil, yüksəkkeyfiyyətli fiziki fəaliyyətin önəmli olduğunu diqqətə çatdırdı: “Uşaqların zədələnməməsi üçün məşqlərdə daha çox ümumi fiziki fəaliyyətə üstünlük veririk. Təbii ki, uşaqlar ilk addımda bədii gimnastikanın əlifbası hesab edilən “körpü” fəndini icra edirlər. Ümumiyyətlə, bədii gimnastikada düşünülmüş bir təlim sistemi olur və o sistemə uyğun olaraq uşaqlar öyrədilir. Uzun müddətdir, bu sahədə çalışan biri kimi deyə bilərəm ki, uşaqların 90 faizi ilk məşqlərdən bədii gimnastikanı sevir. Çünki dəyişik məşqlər, onların musiqi ilə hərəkət etmələri, rəngarəng gimnastik hərəkətlər uşaqlar üçün əlavə stimul yaradır və onlar məşq zamanı heç vaxt darıxmırlar. Bir uşağın bədii gimnastika məşqlərində zövq alması üçün çox yorulmaması, fəaliyyətinin nəticələrini görməsi üçün mütəmadi olaraq dəyişikliklər edirik”.
    Hər bir uşağın böyük idmanda uğur qazanıb-qazanmaması bir çox məqamdan asılıdır. Bəzi idman növlərində uşaqlar yalnız 6 yaşdan sonra məşqçinin təlimatlarını kifayət qədər qəbul edə bilir. Onlar həmin məşqlərdə və ya yarışlarda həddindən artıq həyəcanlanır ki, bu da hələ tam formalaşmayan əzələ kütləsinə mənfi təsir göstərir. Lakin bədii gimnastikada bu bir qədər fərqlidir. Bu barədə isə Humay Qafarova belə qeyd edir: “Bəzən düşünülür ki, bədii gimnastikada burxulmalar və ya zədələr daha çox olur. Düzdür, idmanın hər bir növündə bu hallarla üzləşmək mümkündür. Ancaq uşaqların əzələ kütləsi tam formalaşmadığından onların 3-4 yaşlarında bu növü seçmələri uyğun hesab olunur. 7-8 yaşında gimnastikaya gələnlərin ciddi nəticələr əldə etməsi çətindir. Uşaqların oynaqlarının elastik və çevik olması böyüklər və yeniyetmələrdən fərqli olaraq onların məşqlərini asanlaşdırır. Ümumiyyətlə, 3 yaşında uşaqlar məşq zamanı bədii gimnastika hərəkətlərinin tutarlılığını, koordinasiyasını, ən əsası isə hərəkətlərə göz alışqanlığını öyrənirlər. Bu zaman onlara güc məşqləri verilmir. Əgər uşaq mütəmadi olaraq məşqlərə ara vermədən 1 ildən çox davam edirsə, onda ona artıq peşəkar bir təlim səviyyəsi keçilir. Uşağın potensialı varsa, o zaman o, 5 və ya 6 yaşında yarışlarda iştirak edir. 3-4 yaşlarında bədii gimnastika hər bir uşağın idman karyerasının başlanğıcı hesab olunur”. Baş məşqçinin fikrincə, 5 yaşdan etibarən uşaqlarda hərəkətlərlə güc əlaqələndirilir – özlərini yuxarı çəkməyi, salto və dayaqla işləməyi öyrənməyə başlayırlar. Bu yaşda uşaqlar daha çox öz bədən çəkiləri ilə işləyirlər.
    Bölmənin rəhbəri əldə edilən uğurlarda əsas meyar kimi yaradılan şəraiti göstərir: “Naxçıvan Muxtar Respublikasında idmana və idmançılara qayğı ilə yanaşılır, idmançıların və məşqçilərin sosial problemləri diqqət mərkəzində saxlanılır. Bu gün muxtar respublikada hər bir şəxsin idmanla məşğul olması üçün şərait yaradılıb. Uşaq, yeniyetmə və gənclərin idmana cəlbi yönündə mühüm işlər görülür, onların ölkədaxili və beynəlxalq yarışlarda iştirakı təmin edilir. Təbii ki, bunlar muxtar diyarımızda aparılan uğurlu idman siyasətinin nəticəsidir. Muxtar respublika rəhbərinin qayğısı ilə bütün federasiyalar müasir avadanlıqlarla, zallarla təmin edilib, məşqçilərin püxtələşməsi üçün tez-tez seminarlar, kurslar təşkil olunur. Naxçıvan Muxtar Respublikası Atletika Federasiyasının idmançıları da göstərilən bu qayğıdan bəhrələnərək, keçirilən turnirlərə cəlb olunur, muxtar respublikamızı layiqincə təmsil edirlər. Hər zaman idmançıların yanında olan, onlara dəstəyini əsirgəməyən muxtar respublika rəhbərinə, idmanın digər növləri kimi bədii gimnastikanın da inkişafı ilə daim maraqlandığına, yarışlarda iştirakımıza şərait yaratdığına görə  minnətdarlığımızı bildiririk”.
Ceyhun MƏMMƏDOV
                                            
                                      

 
039743
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
7
17
110
461
39743

Tarix: 25 -09-2022