H E S A B A T
Federasiya ötən müddət ərzində atletikanın muxtar respublikada təbliği və inkişafı məqsədilə bir sıra işlər görmüşdür. İl ərzində atletika idman növlərinin inkişafı üçün yığma komandaların tərkibini müəyyənləşdirmiş, bu komandalara təlim-məşqlər keçirmiş, yığma komandaya cəlb edilmiş idmançıların Atletika üzrə rayon, şəhər, muxtar respublika birinciliklərini təşkil etmiş və Beynəlxalq səviyyəli yarışlarda idmançıların iştirakını təmin etmişdir.
Belə ki, 24-25 yanvar 2020-ci ildə Bakı şəhəri Respublika Olimpiya Mərkəzində qız və oğlan atletləri arasında Azərbaycan qış Çempionatında Federasiyanın idmançısı Nağıyev Əmrah İbrahim oğlu 1500 m məsafədə II, 3000 m məsafədə I yerə layiq görülərək diplom və medalla təltif edilmişdir.
Fevralın 1-də Naxçıvan Muxtar Respublikası Ali Məclisində "Naxçıvan Muxtar Respublikasında bədən tərbiyəsi və idmanın hazırki vəziyyəti və qarşıda duran vəzifələr haqqında" keçirilən müşavirədə Federasiyanın idmançısı Orucova Xatun Səfər qızını Ali Məclis Sədri mükafatlandırmışdır.
21 fevral 2020-ci ildə Federasiyanın Culfa rayon bölməsi, Culfa rayon Təhsil Şöbəsi, Culfa rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə “Zərərli vərdişlərə yox deyək, həmişə sağlam olaq” devizi altında Culfa rayon məktəbləri arasında Atletikanın hündürlüyə tullanma növü üzrə Culfa rayon birinciliyi keçirilmiş, sonda qaliblərə diplomlar təqdim edilmişdir.
01 mart 2020-ci ildə Türkiyə Respublikasının Antalya şəhərində 41 ölkədən 10000 idmançının iştirak etdiyi 15-ci Beynəlxalq Runatolia Marafonunda Federasiyanın idmançısı Nağıyev Əmrah İbrahim oğlu 21 yaş qrupunda 21 km məsafədə II, yuxarı yaş qrupları arasında isə 17-ci gələrək qalib olmuşdur.
02 mart 2020-ci ildə Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin, Yeni Azərbaycan Partiyası Heydər Əliyev adına Gənclər Birliyinin və “Gənclərin İntellektual İnkişaf Mərkəzi” İctimai Birliyinin birgə təşkilatçılığı ilə “5 mart-Bədən Tərbiyəsi və İdman Günü” ilə əlaqədar muxtar respublikada fəaliyyət göstərən idman federasiyalarının idmançıları arasında keçirilən “Peloton” İntellektual oyununda Federasiyasının 1 məşqçi-müəllimi və 5 idmançısı fəal iştirak etmişdir.
03 mart 2020-ci ildə Federasiyanın tədbirlər planına əsasən Şərur rayon bölməsi, Şərur rayon Təhsil Şöbəsi, Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə “5 - mart Bədən tərbiyəsi və İdman Günü”nə həsr olunmuş Şərur rayon ümmumtəhsil məktəblərinin atletika üzrə qız komandaları arasında 100 m, 200 m, 400 m, 800 m, Şahbuz rayon bölməsi, Şahbuz rayon Təhsil Şöbəsi, Şahbuz rayon Polis Şöbəsi, Şahbuz rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə oğlan komandaları arasında 100 m, 200 m, 400 m, 800 m, 1500 m məsafələr üzrə rayon birinciliyi keçirilmişdir. İdman yarışında ümumilikdə 50 idmançı iştirak etmiş, sonda təşkilatçılar tərəfindən qaliblərə diplom və hədiyyələr təqdim edilmişdir.
05 mart 2020-ci ildə Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi və Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə muxtar respublikada keçirilən “05-mart Bədən tərbiyəsi və İdman Günü”nə həsr olunmuş festivalda Federasiyanın məşqçi-müəllimləri Əliyev Ələfsər Əli oğlu, İsmayılov Murad Paşa oğlu, Məmmədov Fəxrəddin İsmixan oğluna təşkilatçılar tərəfindən qiymətli hədiyyələr verilmiş, yığma komandanın atleti Nağıyev Əmrah İbrahim oğlu Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən İdman Ustası adına layiq görülmüşdür.
10 iyun 2020-ci ildə Federasiya, Heydər Əliyev adına Hərbi Lisey və Naxçıvan şəhər Gənclər və İdman İdarəsi ilə birgə Naxçıvan Muxtar Respublikası Stadionunda “15 İyun Milli Qurtuluş Günü”nə həsr olunmuş atletikanın 100 m, 200 m, 400 m, 800 m qaçış məsafələri üzrə 16 kursantın, 25 iyunda “26- iyun Azərbaycan Respublikası Silahlı Qüvvələr Günü” nə həsr olunmuş 3 km kross qaçış üzrə 100 kursantın iştirakı ilə şəhər birinciliyi keçirilmiş, sonda təşkilatçılar tərəfindən qaliblərə diplom və hədiyyələr təqdim edilmişdir.
09-10 sentyabrda Federasiya, Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi ilə birgə Naxçıvan şəhər ümumtəhsil məktəblərinin şagirdləri arasında “Əyləncəli idman oyunları” nın Naxçıvan şəhər birinciliyini keçirmiş, oyunda 8 komanda olmaqla 64 şagird, 8 fiziki tərbiyə müəllimi iştirak etmişdir. Oyunun sonunda qaliblər təşkilatçılar tərəfindən qiymətli hədiyyələr və diplomla təltif edilmişlər.
Dekabrın 18-də Naxçıvan Muxtar Respublikası Atletika Federasiyasının ümumi yığıncağı keçirilmişdir. Federasiyanın ümumi yığıncağında “Xatun” Bədii Gimnastika İdman Klubu və “Şərur Rayon Ağır Atletika İdman Bölməsi” İctimai Birlikləri Naxçıvan Muxtar Respublikası Atletika Federasiyasının yeni təsisçiləri olaraq qeydiyyata alınmış, “Naxçıvan Muxtar Respublikası Yüngül Atletika Federasiyası”nın adı “Naxçıvan Muxtar Respublikası Atletika Federasiyası” adı ilə əvəz olunmuş, Naxçıvan Muxtar Respublikası Atletika Federasiyasının Nizamnaməsi qəbul edilmişdir. İntiqam Rəhimov Federasiyanın sədr müavini seçilmiş, Federasiyanın İdarə Heyətinin və Nəzarət-Təftiş Komissiyasının yeni tərkibi müəyyənləşdirilmiş, Atletika üzrə kütləviliyin təmin olunması məqsədilə Federasiyanın şəhər və rayon bölmələri yaradılmış, Federasiyanın 2021-ci il üçün tədbirlər planı təsdiq edilmişdir.