Bakı şəhəri, Şüvəlan qəsəbəsindəki Ağır Atletika Akademiyasında Beynəlxalq Ağır Atletika Federasiyasının (IWF) İnkişaf Proqramı çərçivəsində beynəlxalq məşqçilik kursu keçirilib. Mühazirəçi qismində IWF-in Məşqçilik və Tədqiqat Komitəsinin üzvü, amerikalı mütəxəssis, Doktor Kayl Pirs çıxış edib. Kurs arasında yeni yaradılan 20-dən çox yeni ağır atletika klubunun məşqçiləri, həmçinin digər mütəxəssislər olmaqla ölkənin bütün regionlarından 50-yə yaxın məşqçi qatılıb. Kursda Naxçıvan Muxtar Respublikası Atletika Federasiyasının Ağır atletika bölməsinin baş məşqçisi Şəfi Hüseynov da iştirak edib.
Naxçıvan Muxtar Respublika Stadionunda Naxçıvan şəhər tam orta məktəblərinin oğlan atletləri (2006-2007-ci illər) аrаsındа atletikanın qaçış növü üzrə birincilik keçirilib. Naxçıvan Şəhər Gənclər və İdman İdarəsi, Təhsil Şöbəsi və Uşaq-Gənclər İdman Məktəbinin birgə təşkilatçılığı ilə keçirilən yarışda 15 komanda (hər komandanın tərkibi 3 oğlan) üzrə 45 idmançı iştirak edib. Proqrama əsasən atletlər 100, 200 və 400 metr məsafədə birincilik uğrunda mübarizə aparıblar.
“2020-2025-ci illər üçün Naxçıvan Muxtar Respublikasında idmanın inkişafına dair Dövlət Proqramı”nın icrası ilə bağlı muxtar respublikaya ölkə səviyyəli məşqçi-müəllimlər və tanınmış idmançıların dəvət olunması istiqamətində görülən işlər uğurla davam etdirilir. Proqramın icrası ilə əlaqədar olaraq 28-30 oktyabr tarixlərində Azərbaycan Gimnastika Federasiyası və Naxçıvan Muxtar Respublika Atletika Federasiyası arasında dostluq əlaqələrinin gücləndirilməsi istiqamətində Azərbaycan Gimnastika Federasiyasının bədii gimnastika üzrə yığma komandasının 3 məşqçi-müəllimi və yığma komandadan ibarət 20 nəfər Naxçıvan şəhərində səfərdə olublar.