Ulu öndər Heydər Əliyevin 90 illik yubileyi münasibətilə 5000 metr məsafəyə kross yarışı keçirilib. Naxçıvan Muxtar Respublikası Gənclər və İdman, Təhsil nazirliklərinin, Naxçıvan Muxtar Respublikası Yüngül Atletika Federasiyasının təşkil etdiyi yarışa 400-ə yaxın atlet qatılıb.
Yarışı Naxçıvan Muxtar Respublikası Yüngül Atletika Federasiyasının sədri Rövşən Məmmədov açıq elan edərək muxtar respublikada idmana və idmançılara göstərilən dövlət qayğısından danışıb, atletləri dahi rəhbərin yubileyinə həsr olunmuş idman bayramı münasibətilə təbrik edib.
Sonra kross yarışına start verilib. Duzdağ massivində keçirilən yarışda oğlanlar arasında birinci yeri “Rabitə” İdman Klubunun yetirməsi Kərim Quliyev tutub. Heydər Əliyev adına Hərbi Liseyin təmsilçilərindən Fərdin Fərəcov ikinci, Fəzli Əliyev üçüncü olublar. Qızlar arasında isə finiş xəttinə Rəngiz Rəhimova ən tez çata bilib. Naxçıvan Dövlət Texniki Kollecinin tələbəsi Mədinə Abdullayeva ikinci, “Rabitə” İdman Klubunun yetirməsi Aytac Məmmədova üçüncü yerlərə layiq görülüblər.
Qaliblərə diplomlar və hədiyyələr verilib.