Yüngül Atletika Federasiyasında seminar keçirilib. Regionlarda atletikanın inkişaf proqramı əsasında təşkil edilən seminarı giriş sözü ilə federasiyanın sədr müavini İntiqam Rəhimov açıb. O, çıxışında son zamanlar Naxçıvan Muxtar Respublikasında bu idman növünün geniş yayıldığını, gənclərin bu sahəyə daha çox maraq göstərdiyini bildirib.
Sonra Azərbaycan Atletika Federasiyasından Naxçıvana gəlmiş məşqçi-müəllimlər, beynəlxalq dərəcəli lektorlar və respublika dərəcəli hakimlər Aqil Paşayev və Ceyhun Hüseynov çıxış ediblər. Hər iki lektor çıxışı zamanı əvvəlcə seminarın mövzuları barədə danışıblar.
Çıxışlardan sonra atletika idman növündən bəhs edən maraqlı hadisələr barədə videorolik təqdim olunub.
Atletika, yarış və məşqçilərin etik qaydaları mövzularına həsr olunan seminarın əsas məqsədi Naxçıvanda bu idman növünü daha da inkişaf etdirmək, yeniyetmələrin bu sahəyə cəlb olunması istiqamətində görüləcək işlərin müzakirəsindən ibarət olub. Qonaqların Naxçıvanda olduqları müddətdə əsas hədəfləri muxtar respublikada uğur qazanan idmançıları, istedadlı gəncləri milli komandaya dəvət etmək olacaq.
Məlumat üçün qeyd edək ki, Azərbaycan Atletika Federasiyası istedadlı gənclərin üzə çıxarılması məqsədilə 2012-2016-cı illər arasında ölkənin bütün regionlarında seminarlar və yarışlar təşkil edəcəkdir.