Fevralın 1-də Naxçıvan Dövlət Texniki Kollecində Naxçıvan Muxtar Respublikası Atletika Federasiyasının 2020-ci ilin yekunu və 2021-ci ildə görüləcək işlərə dair hesabat yığıncağı keçirilib.
Yığıncağı Naxçıvan Muxtar Respublikası Atletika Federasiyasının sədri Rəhman Məmmədov açaraq muxtar respublikada idmanın inkişafına göstərilən diqqət və qayğıdan, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 14 fevral 2020-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “2020-2025-ci illər üçün Naxçıvan Muxtar Respublikasında idmanın inkişafına dair Dövlət Proqramı”nın icrası istiqamətində görülmüş işlərdən, ötən müddət ərzində muxtar respublikanın şəhər və rayonlarında yaradılan idman məktəbləri, mərkəzləri və ümumtəhsil məktəblərində yaradılan idman klublarından, eləcə də idmanın müxtəlif növləri üzrə peşəkar idmançıların yetişdirilməsi, bu sahədə qazanılan nailiyyətlər, ölkə və beynəlxalq səviyyəli yarışlarda yüksək nəticələrin əldə olunmasından danışmışdır.
Vurğulanmışdır ki, Atletika Federasiyası idmanın bu növünün inkişaf etdirilməsini, yeniyetmə və gənclərin idmana cəlb olunmasını, idman yarışlarının kütləviliyinin artırılmasını daim diqqətdə saxlamalı, gələcəkdə də Gənclər və İdman Nazirliyi ilə birgə işini günün tələbləri səviyyəsində qurmalı, eyni zamanda komandaların tərkibinin gücləndirilməsi istiqamətində bütün zəruri tədbirləri həyata keçirməlidir. Cari il üçün Federasiyanın “Tədbirlər Planı”nı iştirakçıların diqqətinə çatdıran Rəhman Məmmədov qeyd etmişdir ki, ötən 6 ay ərzində atletika, ağır atletika və bədii gimnastika idman növlərinin təbliği və inkişafı məqsədilə bir sıra işlər görmüşdür.
Qeyd edilmişdir ki, ötən müddət ərzində Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzində bədii gimnastika bölməsi yaradılmış, hazırda isə Ordubad rayonunda, Naxçıvan Qızlar Liseyində, Naxçıvan Dövlət Texniki Kollecində növbəti gimnastika bölməsinin, Ordubad şəhər 1 nömrəli tam orta məktəbdə ağır atletika bölməsinin yaradılması istiqamətində iş davam etdirilir. Naxçıvan şəhərində və rayonlarda yerləşən ümumtəhsil məktəblərində 29 atletika, 2 ağır atletika idman klubu yaradılmış, klublara zəruri idman avadanlıqlarının verilməsi nəzərdə tutulmuşdur. Federasiyada yaradılmış atletika, bədii gimnastika və ağır atletika bölmələrində ümumilikdə 1340 atlet və gimnastla 54 məşqçi-müəllim məşğul olur.
Federasiyanın sədri gənclərin fiziki cəhətdən sağlam olmalarını diqqət mərkəzində saxlayan Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinə idmanın inkişafı üçün göstərdiyi diqqət və qayğıya görə minnətdarlığını bildirmişdir.
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman naziri Azad Cabbarov bildirmişdir ki, Naxçıvan Muxtar Respublikasında idman hər zaman diqqət mərkəzində saxlanılan və təşviq edilən bir sahə olmuşdur. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin idman və idmançılara göstərdiyi diqqət və qayğı sayəsində muxtar respublikada idmana olan maraq gündən-günə artmaqdadır. Qeyd edilmişdir ki, hal-hazırda muxtar respublikada 35 105 idmançı 2213 qrupda idmanla məşğul olur.
Vurğulanmışdır ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin diqqət və qayğısı sayəsində istifadəyə verilən müasir idman komplekslərinin sayına 2020-ci ildə daha bir İdman Kompleksi əlavə olunmuş, Uzunoba gölünün ətrafında Naxçıvan Muxtar Respublikası Futbol Federasiyasının Təlim-məşq Kompleksi salınmış və hal-hazırda tikintisi davam etdirilir.
Gənclər və İdman naziri bildirmişdir ki, “2020-2025-ci illər üçün Naxçıvan Muxtar Respublikasında idmanın inkişafına dair Dövlət Proqramı”nın icrası ilə əlaqədar artıq bir çox işlər həyata keçirilmiş, Gənclər və İdman Nazirliyi Atletika Federasiyası ilə birgə idmanın bu növünü inkişaf etdirmək və kütləviliyinin təmin edilməsi məqsədi ilə bir sıra tədbirlər həyata keçirmişdir.
Naxçıvan Muxtar Respublikası Atletika Federasiyasının sədr müavini İntiqam Rəhimov Naxçıvan Muxtar Respublikası Atletika Federasiyasının 2021-ci il 02 fevral tarixdə keçirilən iclasda qəbul edilən qərar layihəsini tədbir iştirakçılarının diqqətinə çatdırmışdır.
Yekunda bir qrup idmançı və məşqçi-müəllim diplom və hədiyyələrlə mükafatlandırılmışdır.
Ülviyyə HACIYEVA