Bu gün Naxçıvan Muxtar Respublikası Atletika Federasiyasının Kəngərli rayon bölməsinin, Kəngərli Rayon Təhsil Şöbəsi və Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə Qıvraq qəsəbə Mərkəzi Stadionunda “5 mart - Bədən Tərbiyəsi və İdman Günü”nə həsr olunmuş yeniyetmə oğlan və qızlar arasında atletika idman növləri üzrə rayon birinciliyi keçirilib.
Birinciliyin keçirilməsində məqsəd yeniyetmə və gəncləri atletika idman növünə cəlb etmək, atletika idman növünü inkişaf etdirmək və kütləviliyinə nail olmaqdan ibarət olub.
Tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikası Atletika Federasiyasının Kəngərli rayon bölməsinin rəhbəri Emin Məmmədxanlı qeyd edib ki, hər il martın 5-i Azərbaycanda Bədən Tərbiyəsi və İdman Günü kimi qeyd olunur. Bu tarix prezident İlham Əliyevin Bədən Tərbiyəsi və İdman Gününün təsis edilməsi ilə bağlı 2005-ci il 4 mart tarixli sərəncamına əsasən qeyd edilir. Vurğulanıb ki, Azərbaycanda əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş idmana, gənclərimizin sağlamlığına yüksək diqqət və qayğı siyasətinin Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam və inkişaf etdirilməsi sayəsində bu sahədə böyük uğurlar əldə olunub. Həyata keçirilən ardıcıl tədbirlər, idmançılara göstərilən diqqət və qayğı, ölkəmizdə ən yüksək standartlara cavab verən mükəmməl idman infrastrukturu qarşıdakı illərdə daha böyük uğurların əldə olunacağına güclü zəmin yaradır.
Diqqətə çatdırılıb ki, bu gün muxtar respublikamızda da gənclərin idmana cəlbi, onlara sağlam həyat tərzinin aşılanması işləri diqqət mərkəzində saxlanılır. Bu işlərin davamlı həyata keçirilməsi və yaradılan müasir idman mühiti gənclərin bədən tərbiyəsi və idmana olan marağını artırır, idman klublarının və federasiyaların heyəti ilbəil genişlənir. Bütün bunların nəticəsidir ki, yeni idmançılar nəsli yetişir, müxtəlif idman növləri üzrə uğurların sayı daha da artır. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinin 14 fevral 2020-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “2020-2025-ci illər üçün Naxçıvan Muxtar Respublikasında idmanın inkişafına dair Dövlət Proqramı”na uyğun olaraq təhsil müəssisələrində kadr potensialı və mövcud şərait nəzərə alınmaqla idman klubları yaradılmışdır. Yaradılan idman klubları uşaq və gənclərin idmana cəlbinin kütləviləşməsində, onların fiziki sağlamlığının qorunmasında, eləcə də asudə vaxtlarının səmərəli təşkilində mühüm rol oynayır.
Hakimlər tərəfindən iştirakçılara yarışın qaydaları haqqında ümumi məlumat verildikdən sonra rayon birinciliyinə start verilib. Gərgin mübarizə şəratində keçən yarışın sonunda Qıvraq qəsəbə tam orta məktəbinin komandası I, Qarabağlar kənd 1 nömrəli tam orta məktəbin komandası II, Xok kənd tam orta məktəbinin komandası isə III yerə layiq görülüb.
Sonda qalib komandalara təşkilatçılar tərəfindən diplom, kubok və hədiyyələr təqdim edilib.
Ülviyyə HACIYEVA