Muxtar Respublika Stadionunda Naxçıvan Muxtar Respublikası Atletika Federasiyası və Naxçıvan Dövlət Tibb Kollecinin birgə təşkilatçılığı ilə “Zərərli vərdişlərə yox deyək” devizi altında Naxçıvan Dövlət Tibb Kolecinin oğlan və qız tələbələri arasında atletika idman növləri üzrə birincilik keçirilib. Birinciliyin keçirilməsində məqsəd Naxçıvan Muxtar Respublikasında yeniyetmə və gəncləri atletika idman növünə cəlb etmək, atletika idman növünü inkişaf etdirmək və kütləviliyinə nail olmaq, Naxçıvan Dövlət Tibb Kollecinin oğlan və qız tələbələrindən ibarət atletika idman növü üzrə yığma komandanın tərkibini müəyyənləşdirməkdən ibarət olub.
Yarışın şərtlərinə görə hər komandada 5 oğlan, 5 qız, 1 hakim və 1 məşqçi iştirak edib və hər bir idmançı atletika idmanının 1 növü üzrə iştirak edib. Beləliklə, birincilikdə oğlan və qız komandaları atletikanın qaçış (100 m, 200 m, 400 m), nizə və yadro itələmə növləri üzrə yarışıblar. Beynəlxalq Atletika qaydalarına uyğun olaraq keçirilən yarışda oğlan və qızlar arasında I yeri tutan idmançılar təşkilatçıların diplomları ilə mükafatlandırılıblar.
Ülviyyə HACIYEVA