Ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr edilən kross qaçışı üzrə ali və orta ixtisas təhsili müəssisələrinin oğlan və qız atletləri arasında keçirilən Naxçıvan Muxtar Respublika birinciliyinə yekun vurulub.
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi ilə Atletika Federasiyasının birgə təşkil etdiyi turnir “Duzdağ” magistral yolunun 5 kilometr məsafəsində keçirilib. Beynəlxalq atletika qaydalarına uyğun olaraq təşkil edilən turnirə federasiyanın yığma komandasının 17 üzvü olmaqla, 100-dən çox yaxın atlet qatılıb.
Birinciliyin bağlanış mərasimində çıxış edən Naxçıvan Muxtar Respublikası Atletika Federasiyasının sədri Rəhman Məmmədov muxtar respublikada bütün sahələrə, o cümlədən idmanın inkişafına göstərilən dövlət qayğısından, müvafiq idman sahələri üzrə yaradılan federasiyalardan danışıb. Bildirilib ki, Atletika Federasiyası da yeni tərkibdə fəaliyyətini davam etdirir. Federasiya əvvəlki fəaliyyətindən fərqli olaraq əhatə etdiyi idman növləri üzrə muxtar respublikada kütləviliyin təmin olunması istiqamətində müxtəlif tədbirlər - yarışlar, birinciliklər, maarifləndirici seminarlar təşkil edir. Bunun nəticəsində atletika idman növü üzrə bölmələrə cəlb edilən idmançıların sayı artıb. Hazırda muxtar diyarımızda federasiya idmançılarının sayı 1800-ə çatır ki, bu idmançılardan da 700-dən çoxunu qadın atletlər təşkil edir. Bu gün təşkil edilən 5 km kross qaçışı üzrə açıq birinciliyin də məqsədi muxtar respublikada bu idman növü üzrə gənc idmançıların müəyyənləşdirilməsi və kütləviliyə nail olunmasıdır.
Sonda federasiya sədri qalibləri təbrik edib, onlara uğurlar arzulayıb.
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman naziri Azad Cabbarov çıxış edərək bildirib ki, muxtar respublikada idmanın inkişafısahəsində mühüm işlər görülür, gənclərin fiziki və mənəvi hazırlığı, onların asudə vaxtlarının səmərəli təşkili diqqət mərkəzində saxlanılır. Muxtar respublikada yaradılan şərait gənclərin idmana olan marağını artırıb, istedadlı idmançıların yetişməsi təmin olunub. Bu gün Naxçıvanda 12 federasiya fəaliyyət göstərir ki, bunlardan biri də Atletika Federasiyasıdır. Federasiyada struktur dəyişikliyindən sonra xeyli irəliləyişin olduğunu görmək mümkündür. Nəticədə muxtar respublikada bu növün kütləviliyinə nail olmaqla yanaşı, həm də idmançılar ölkədaxili və beynəlxalq turnirlərdə böyük uğurlara imza atırlar.
Uğur qazanan idmançıları təbrik edən Azad Cabbarov onlara təhsildə və idman karyeralarında uğurlar arzulayıb.
Birinciliyin yekun nəticəsinə əsasən, oğlanlar arasında Əmrah Nağıyev finiş xəttinə hamıdan tez çatıb. Miryusif Seyidov ikinci, Rəhim Əliyev üçüncü olub. Qızların mübarizəsində isə müvafiq olaraq Aysu Abbasova, Nursən Abbasova və Sevinc Əliyeva ilk 3 pillədə qərarlaşıblar.
Sonda qalib idmançılar, eyni zamanda birinciliyi ilk 10 pillədə başa vuran atletlər mükafatlandırılıblar.