Ordubad Rayon Texniki Peşə və Sürücülük məktəbində ümumtəhsil məktəblərinin şagirdləri arasında “Zərərli vərdişlərə yox deyək, həmişə sağlam olaq” devizi altında atletika üzrə rayon turniri keçirilmişdir.
Tədbirin açılış mərasimində çıxış edənlər bildirmişlər ki, birinciliyin keçirilməsində məqsəd yeniyetmələrin asudə vaxtlarının səmərəli keçirilməsini təşkil etmək və onları sağlam həyat tərzinə uyğunlaşdırmaqdan ibarətdir. Ordubad Rayon Təhsil Şöbəsi, Gənclər və İdman İdarəsi və Naxçıvan Atletika Federasiyası Ordubad Rayon Bölməsinin birgə təşkilatçılığı ilə keçirilən yarış Beynəlxalq Atletika Federasiyasının qaydalarına uyğun olaraq təşkil edilmişdir.
Turnirin yekun nəticələrinə əsasən 100 m məsafədə Əli Əliyev, 200 m məsafədə Cəbrayıl Cəbrayılov, 400 m məsafədə isə Murad Cəfərov I yerin qalibləri olmuşlar.
Sonda qalib idmançılar təşkilatçıların diplomları və medallarla mükafatlandırılmışlar.
Ülviyyə HACIYEVA