Əlahiddə Ümumqoşun Ordunun hərbi hissələri üçün yeni yaşayış və xidmət kompleksi istifadəyə verilib
iyunun 25-də - Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü ərəfəsində Əlahiddə Ümumqoşun Ordunun hərbi hissələri üçün yeni yaşayış və xidmət kompleksi istifadəyə verilib, Əlahiddə Ümumqoşun Ordunun İkinci Qarabağ müharibəsində iştirak edən hərbi qulluqçularına Azərbaycan Respublikası təltiflərinin təqdimatı olub, qüsursuz xidmət edən hərbçilərə mənzillər verilib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov bu münasibətlə keçirilən tədbirdə iştirak edib.
Əlahiddə Ümumqoşun Ordunun komandanı, general-polkovnik Kərəm Mustafayev Ali Məclisin Sədrinə tədbirin hazırlığı barədə məruzə edib.
Ali Məclisin Sədri şəxsi heyəti salamlayıb, onları təltiflərin təqdimatı, yeni yaşayış və xidmət kompleksinin istifadəyə verilməsi münasibətilə təbrik edib.
Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Ali Məclisin Sədri 26 İyun - Silahlı Qüvvələr Günü ərəfəsində Naxçıvan şəhərində hərbi hissələr üçün yeni yaşayış və xidmət kompleksi istifadəyə verildiyini, həmçinin Əlahiddə Ümumqoşun Ordunun İkinci Qarabağ müharibəsində iştirak edən hərbi qulluqçularına orden və medalların, Silahlı Qüvvələrdə 20 il və daha çox qüsursuz xidmət etmiş hərbçilərə isə mənzillər təqdim olunduğunu bildirərək deyib: "Əlamətdar gün və tədbirlər münasibətilə muxtar respublikadakı ordu, birləşmə və hissələrin şəxsi heyətlərini, hərbçi ailələrini, müharibə veteranlarını və şəhid ailələrini təbrik edir, suverenliyimiz və ərazi bütövlüyümüz uğrunda canlarını qurban verən qəhrəman şəhidlərimizin əziz xatirəsi qarşısında baş əyirik".
Ali Məclisin Sədri deyib: Güclü ordu müstəqilliyin, inkişafın və sabitliyin təminatıdır. Ümummilli liderimiz Heydər Əliyev ölkəmizə hər iki rəhbərliyi dövründə bu amili dövlət siyasətinin əsas istiqaməti kimi müəyyənləşdirilib. “Hər bir dövlətin müstəqilliyinin rəmzi və təminatçısı onun silahlı qüvvələridir”, - deyən ulu öndərin 1993-cü ildə ali hakimiyyətə ikinci qayıdışından sonra həyata keçirdiyi tədbirlər Azərbaycan Silahlı Qüvvələrinin formalaşmasında və inkişafında əsas baza olub. Ölkə Prezidenti cənab İlham Əliyevin də dediyi kimi, “1993-cü ildə ölkəmiz demək olar ki, parçalanırdı, vətəndaş müharibəsi gedirdi və məhz Heydər Əliyevin fəaliyyəti nəticəsində biz bu ağır sınaqdan üzüağ çıxa bildik. Məhz bugünkü Zəfərin təməli, bax, o vaxt qoyulmuşdur”.
Ali Məclisin Sədri deyib: Bu gün ölkə Prezidentinin ümummilli liderin yolunu uğurla davam etdirməsinin nəticəsidir ki, müstəqilliyimizin və dövlətçiliyimizin qarantı olan güclü ordumuz vardır. Naxçıvan Muxtar Respublikasında da müdafiə təhlükəsizliyinin təmin olunması, hərbi hissələrin maddi-texniki bazasının gücləndirilməsi, döyüş hazırlığının yüksəldilməsi və hərbçilərin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Müstəqillik illərində muxtar respublikada 300-ə yaxın hərbi təyinatlı obyekt istifadəyə verilib, hərbi qulluqçuların və ailələrinin sosial-məişət şəraiti yaxşılaşdırılıb. Bu gün istifadəyə verilən yeni yaşayış və xidmət kompleksi, eləcə də təqdim olunan mənzillər ordu quruculuğu tədbirlərinin tərkib hissəsidir. Muxtar respublikada hərbi qulluqçuların döyüş hazırlığı da artırılıb. Qarşıya qoyulan istənilən vəzifə və tapşırıqlar yüksək hərbi səriştə, peşəkarlıq və vətənpərvərliklə yerinə yetirilir.
"Ordu dövlətin əsas sütunu, hərbi xidmət isə Vətən qarşısında müqəddəs borcdur", - deyən Ali Məclisin Sədri çıxışını ümummilli liderimiz Heydər Əliyevin müdrik fikirləri ilə tamamlayıb: “Bizim hamımızın bir Vətəni var - bu, Azərbaycandır. Hamımız bir torpaqda yaşayırıq - bu, Azərbaycan torpağıdır. Azərbaycan torpağının hər guşəsi hər birimiz üçün müqəddəs yerdir”.
İkinci Qarabağ müharibəsi iştirakçısı, "Azərbaycan Bayrağı" ordenli kapitan Mirza Musayev minnətdarlıq edərək deyib: "Ulu öndərimiz Heydər Əliyevin böyük səylə qurduğu dövlətimiz bu gün güclü orduya malikdir. Bu, ötən il Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə 44 gün davam edən İkinci Qarabağ müharibəsində bir daha sübut olundu. Zəfərlə sona çatan müharibədə naxçıvanlı igidlər də qəhrəmanlıq dastanı yazdılar. 30 ilə yaxın davam edən işğala və haqsızlığa son qoyuldu, tarixi ədalət bərpa edildi. Bundan sonra da qarşımıza qoyulan hər bir əmri yerinə yetirməyə hazırıq".
Sonra Əlahiddə Ümumqoşun Ordunun İkinci Qarabağ müharibəsində iştirak edən hərbi qulluqçularına orden və medallar təqdim olunub. Bildirilib ki, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 15, 18 və 30 dekabr tarixli sərəncamları ilə Əlahiddə Ümumqoşun Ordunun hərbi qulluqçularından bir qrupu 3-cü dərəcəli “Rəşadət”, “Azərbaycan Bayrağı”, 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordenləri ilə, “Vətən uğrunda”, “İgidliyə görə”, “Hərbi xidmətlərə görə”, “Cəsur döyüşçü” və “Döyüşdə fərqlənməyə görə” medalları ilə təltif olunublar.
Ali Məclisin Sədri Azərbaycan Respublikasının ordenlərini, tədbir iştirakçıları isə medalları təqdim ediblər.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin təqdimatına əsasən Əlahiddə Ümumqoşun Ordu komandanının birinci müavini-qərargah rəisi general-mayor Ağalarov Fazil Köçəri oğluna Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 23 iyun tarixli Sərəncamı ilə “general-leytenant” ali hərbi rütbəsi verilib.
Ali Məclisin Sədri "general-leytenant" ali hərbi rütbəsini Fazil Ağalarova təqdim edib.
Fazil Ağalarov minnətdarlıq edərək deyib: "Dövlətimizin orduya göstərdiyi diqqət və qayğını daim üzərimizdə hiss etmişik. Ali hərbi rütbə ilə təltif olunmağım məsuliyyətimi daha da artırır. Bundan sonra da üzərimizə düşən vəzifələrin öhdəsindən layiqincə gələcəyik".
Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə Azərbaycan Respublikası Prezidentinin 28 dekabr 2011-ci il tarixli Fərmanına əsasən Azərbaycan Respublikası Silahlı Qüvvələrində 20 təqvim ili və daha çox qüsursuz xidmət edən hərbi qulluqçulara mənzillərin orderlərinin təqdimatı olub.
Ali Məclisin Sədri mənzillərin orderlərini polkovnik Cəlal Mehdiyevə və ehtiyatda olan gizir İlqar Rəhimova təqdim edib.
Şəxsi heyət təntənəli marşın sədaları altında nizami addımlarla tribunanın önündən keçib.
Sonra Ali Məclisin Sədri hərbi hissələrdə yaradılan şəraitlə tanış olub.
Məlumat verilib ki, Əlahiddə Ümumqoşun Ordunun yeni hərbi hissələri üçün hər biri 3 mərtəbəli olmaqla 1 qərargah binası, 2 əsgər yataqxanası və 1 bölmələrin əşya saxlancı binası tikilibdir. İstifadəyə verilən 3 mərtəbəli qərargah binasında komandir və rəislər üçün xidməti, istirahət və növbətçi otaqları, stasionar rabitə qovşağı və taktiki siniflər olmaqla, ümumilikdə 52 otaq yerləşir. Yataqxana binalarında şəxsi heyət üçün nümunəvi şərait yaradılıb. Burada növbətçi, silah, məişət, tibb, ideoloji və komandirlər üçün iş otaqları, eləcə də mərkəzi qazanxana sistemi yerləşir. Bölmələr üçün nəzərdə tutulmuş əşya saxlancı binası, ümumilikdə 74 otaqdan ibarətdir.
Müasir xidmət şəraiti yaradılan hərbi hissədə daimi istilik, su, elektrik və dayanıqlı rabitə sistemi quraşdırılıb. Burada abadlıq işləri aparılaraq istirahət guşələri və sıra meydanı salınıb, dekorativ ağac və güllər əkilib, ərazi işıqlandırma sistemi ilə təmin edilib.