Avqustun 18-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Təkəqaya yaylaqlarında Ordubad rayonunun Nüsnüs kəndindən olan oba sakinləri ilə görüşüb, onların qayğıları ilə maraqlanıb, söhbət edib, işlərində uğurlar arzulayıb.
Bildirilib ki, ərazinin etibarlı müdafiəsi heyvandarlar üçün geniş imkanlar yaradıb. Ərazidəki yaylaqların otlaq sahələri artırılıb. Yolların çəkilməsi gediş-gəlişi də xeyli asanlaşdırıb. Yüksək dağlıq ərazi olmasına baxmayaraq, təsərrüfatlara mütəmadi olaraq baytarlıq xidməti də təşkil olunur.
Yaradılan şəraitə görə oba sakinləri dövlətimizə minnətdarlıq ediblər.
Sonra Ali Məclisin Sədri Zəngəzur silsiləsinə baxıb, Ordubad çayını qidalandırmaq üçün Zəvvar arxında aparılan təmizlik - bərpa işləri ilə də maraqlanıb.
Məlumat verilib ki, 2016-cı ildə arx bərpa olunub, bu gün isə Zəvvar arxında təmizləmə, genişlətmə və bərkitmə işləri görülür.
Arxın əhəmiyyətini vurğulayan Ali Məclisin Sədri deyib ki, bu arx vasitəsilə nə qədər insan əkin işləri ilə məşğul olur. Həmçinin Əylis kəndindəki kəhrizlərdə sular artmaqla bərabər taxıl əkilməyən yerlər də artıq əkilir. Ona görə Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə tapşırıq verildi ki, arxda təmizləmə işləri həyata keçirilsin.
Ali Məclisin Sədri görülən işlərə görə işçi heyətə təşəkkür edib.