Ümummilli liderimiz Heydər Əliyevin ölkəmizə rəhbərliyi dövründə digər sahələr kimi muzey işi də diqqətdə saxlanılıb. Bu gün ulu öndərin yolunun uğurla davam etdirilməsinin nəticəsidir ki, Azərbaycanda və onun Naxçıvan Muxtar Respublikasında tarixi-mədəni irsimizin qorunması istiqamətində ardıcıl tədbirlər həyata keçirilir, yeni muzeylər inşa edilir, fondlar zənginləşdirilir. Şahbuz Rayon Tarix-Diyarşünaslıq Muzeyi üçün yeni binanın tikilməsi də bu tədbirlərin davamıdır.
Avqustun 27-də Şahbuz Rayon Tarix-Diyarşünaslıq Muzeyinin yeni binası istifadəyə verilib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov bu münasibətlə keçirilən tədbirdə iştirak edib.
Muzeyin direktoru Xavər Ələsgərli deyib ki, muxtar respublikada geniş vüsət almış abadlıq-quruculuq tədbirləri qədim diyarımızın mədəniyyət sahəsini də əhatə edib. Bu gün Naxçıvan Muxtar Respublikasında muzeylərin fəaliyyətinin canlandırılması, muzey şəbəkələrinin genişləndirilməsi sahəsində mühüm işlər görülür. Yeni muzeylər yaradılır, fondlar zənginləşdirilir, muzeylərin internet saytları istifadəyə verilir. Şahbuz Rayon Tarix-Diyarşünaslıq Muzeyinin yeni binasının istifadəyə verilməsi də bu sahədə görülən işlərin davamıdır. Xavər Ələsgərli yaradılan şəraitə və göstərilən qayğıya görə muzey əməkdaşları adından minnətdarlıq edib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Şahbuz Rayon Tarix-Diyarşünaslıq Muzeyinin yeni binasının istifadəyə verilməsi münasibətilə kollektivi və rayon sakinlərini təbrik edərək deyib: Tarix-diyarşünaslıq muzeyləri ölkəmizin hər bir bölgəsinin tarixini özündə yaşadan yerlərdir. Şahbuz rayonu da ölkəmizin qədim guşələrindəndir. 1982-ci ildə ümummilli lider Heydər Əliyevin rayonlarda tarix-diyarşünaslıq muzeylərinin yaradılması haqqında Qərarından sonra Şahbuz rayonunda da 500 eksponat fondu olan muzey yaradılıb. Ötən dövrdə muzeyin fondu zənginləşdirilib, 5 minə yaxın eksponat toplanıb. Muzey ötən dövrdə uyğunlaşdırılan binada fəaliyyət göstərib. Lakin bu gün muzey üçün müasir bina istifadəyə verilir və bu da fəaliyyətə müsbət təsir göstərəcəkdir.
Ali Məclisin Sədri deyib: Müstəqillik illərində muzeylərin fəaliyyətinin təşkili sahəsində təqdirəlayiq işlər görülüb, muzeylərə gedişlərin sayı artıb. Bu da xalqımızın öz tarixi-mədəni irsinə verdiyi dəyərin göstəricisidir. Artıq bu gün muzeylərimiz xalqımızın qəhrəmanlıq tarixini gənclərimizə çatdırır. Ümumtəhsil məktəblərində Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin "Tariximizi qoruyaq və yaşadaq!" devizi altında həyata keçirdiyi aksiya gənclərimizin öz tarixi-mədəni irsinə sahiblik istiqamətində atılan addımdır. Bu illər ərzində minlərlə eksponat toplanaraq rayon tarix-diyarşünaslıq və digər muzeylərimizə təhvil verilib. "Tariximizi qoruyaq və yaşadaq!" aksiyası bundan sonra da davam etdirilməli, gənclərimizin qəhrəmanlıq dolu keçmişimizlə tanış olmalarına şərait yaradılmalıdır.
Ali Məclisin Sədri deyib: Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsi tarix-diyarşünaslıq muzeylərindəki eksponatlar və arxiv sənədləri əsasında muxtar respublikanın hər bir rayonunun tarixini yazmalıdır. Bu muzeydə nümayiş olunan eksponatlar da Şahbuz rayonu ərazisində yaşayan insanların min illər bundan əvvəlki həyat tərzini əks etdirir. Ona görə də bunlar qorunmalıdır. Muzey daim fəaliyyətdə olmalı, "Açıq qapı" günləri keçirilməli, ümumtəhsil məktəbləri və digər yaradıcı təşkilatlarla əlaqə saxlanmalı, tarixi-mədəni irsimiz haqqında gənclərimiz məlumatlandırılmalı, muzeylərə gedişlər təmin edilməlidir.
Qeyd olunub ki, muzey fondlarının zənginləşdirilməsində vətəndaşlarla iş mühüm məsələdir. Sakinlərin bu gün muzeylərə təqdim etdikləri tarixi əşyalar gələcək nəsillər üçün çox qiymətli eksponatlardır. Ona görə də muzeylər, ilk növbədə əhali ilə işə diqqət yetirməlidir. Kənd mərkəzlərində görüşlər keçirilməli, tariximizlə bağlı məlumatların, eləcə də eksponatların qorunması haqqında sakinlər maarifləndirilməlidir. Yaradılan şərait imkan verəcək ki, Şahbuz Rayon Tarix-Diyarşünaslıq Muzeyi də öz işini bu tələblər səviyyəsində qura bilsin.
Ali Məclisin Sədri bu işlərin həyata keçirilməsində kollektivə uğurlar arzulayıb.
Bələdçi Nurşən İbrahimova muxtar respublikada tarixi-mədəni irsimizin qorunub saxlnılması sahəsində görülən işlərə görə minnətdarlıq edərək deyib: "Muxtar respublikada digər sahələrdə olduğu kimi, mədəniyyətin inkişafında da dövlətimizin diqqət və qayğısı daim hiss olunur. Son illərdə muzeylərin tikilib istifadəyə verilməsi, ekspozisiyaların qurulması, muzey fondlarının zənginləşdirilməsi də məhz bu qayğının ifadəsidir. Bu gün Şahbuz Rayon Tarix-Diyarşünaslıq Muzeyi üçün müasir binanın istifadəyə verilməsi kollektivin sevincinə səbəb olmuşdur. Bundan sonra da tarixi-mədəni irsin qorunub saxlanılmasında, təbliğ olunmasında, muzey işinin yaxşılaşdırılmasında səylə çalışacaq, göstərilən etimadı doğruldacağıq".
Sonra muzeyə baxış olub.
Məlumat verilib ki, binanın birinci mərtəbəsində direktor, 2 fond, iş otağı və qarderob, ikinci mərtəbədə isə ekspozisiya zalı yerləşir. Muzeydə arxeologiya, məişət-etnoqrafiya, dekorativ-tətbiqi sənət, rəssamlıq, numizmatika, foto və sənədlər bölmələri fəaliyyət göstərir. Muzeyin ekspozisiyasında 536 eksponat nümayiş etdirilir. Hazırda fondda 4 min 679 eksponat vardır.
Ekspozisiyada ümummilli lider Heydər Əliyevin və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Şahbuz rayonuna səfərlərini əks etdirən guşələr, eyni zamanda torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərin, rayonda mövcud olan yeni quruculuq ünvanlarının, eləcə də Şahbuzun füsunkar təbiətini əks etdirən müxtəlif fotolar və Şahbuz rayonunun inzibati-siyasi xəritəsi nümayiş etdirilir. Şahbuz bölgəsində yerləşən müxtəlif nekropollarda aparılmış arxeoloji qazıntılar zamanı əldə edilmiş maddi-mədəniyyət nümunələri - obsidianlar, ox ucluqları, saxsıdan hazırlanmış müxtəlif məişət əşyaları, həvəng-dəstələr, Kükü, Sarıdərə, Kolanı, Haqqıxlıq nekropollarından əldə edilmiş saxsı qab parçaları, tuncdan hazırlanmış xəncərlər, bəzək əşyaları, sümükdən və əqiqdən hazırlanmış zinət əşyaları muzeyin ekspozisiyasında saxlanılır və nümayiş etdirilir. Həmçinin muzeydə misdən hazırlanmış məcməyi, sərnic, satıl, parç, şamdan, samovar, yerli sənətkarlar tərəfindən nəfis tərtibatla toxunmuş xalça, kilim, cecim, heybə, xurcun, məfrəş, yəhərqaşı, müxtəlif nəbati naxışlarla toxunmuş yun corablar, yüksək zövqlə hazırlanmış bədii tikmələr, gümüş bəzək əşyaları, XIX-XX əsrlərə aid soyuq silahlar, eləcə də tarixən ölkəmizdə dövriyyədə olmuş mis və gümüş pul nümunələri, görkəmli rəssamlarımızın kağız və kətan üzərində müxtəlif üsullarla çəkdikləri rəsm əsərləri nümayiş olunur.
Binanın həyətində abadlıq işləri aparılıb, müasir işıqlandırma və suvarma sistemləri qurulub.
Ali Məclisin Sədri muzey fondunun və ekspozisiyanın zənginləşdirilməsi barədə müvafiq tapşırıqlar verib.
* * *
Həmin gün Ali Məclisin Sədri Şahbuz Rayon Maliyyə Şöbəsi və Statistika İdarəsi üçün tikiləcək yeni binanın layihəsinə baxıb.
Məlumat verilib ki, layihəyə əsasən 3 mərtəbədən ibarət olacaq binada Şahbuz Rayon Maliyyə Şöbəsi və Statistika İdarəsi fəaliyyət göstərəcək. Müasir iş şəraiti yaradılacaq binada mərkəzi server və aidiyyəti üzrə iş otaqları nəzərdə tutulub.
Ali Məclisin Sədri işlərə başlanılması barədə müvafiq tapşırıqlar verib.