• 1.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 9.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg
  • 22.jpg

Muxtar respublikada Bilik Günü qeyd olunub

“Naxçıvan Muxtar Respublikasının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na uyğun olaraq həyata keçirilən quruculuq işləri kəndlərin abadlaşmasına, müasir infrastrukturun yaradılmasına və insanların rahat yaşayışına səbəb olub. Ölkə başçısı cənab İlham Əliyevin də dediyi kimi: “Muxtar respublika hərtərəfli inkişaf edir və bu gün Naxçıvan ölkəmizin ən inkişaf etmiş bölgələrindən biridir”. Həyata keçirilən tədbirlərin davamı olaraq bu il Ordubad rayonunun Aşağı Əndəmic kəndində də geniş abadlıq-quruculuq işləri aparılıb, yeni məktəb binası, kənd və xidmət mərkəzləri tikilib, avtomobil yolu çəkilib, Ordubad şəhər stadionu yenidən qurulub.

 

Bilik Günündə Əndəmic kənd tam ortaməktəbinin yeni binası istifadəyə verilib.

 Sentyabrın 15-də - Bilik Günündə Əndəmic kənd tam orta məktəbinin yeni binasının açılışı olub.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov muxtar respublikanın bütün təhsil müəssisələrinin şagird və tələbələrini, Heydər Əliyev adına Hərbi Liseyin kursantlarını, pedaqoji kollektivləri yeni tədris ilinin başlanması, Əndəmic kənd tam orta məktəbinin kollektivini isə həm də yeni məktəb binasının istifadəyə verilməsi münasibətilə təbrik edərək deyib: Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev ölkəmizin inkişafında təhsilin əhəmiyyətini vurğulayaraq deyib: “Gələcək nəslin yetişdirilməsi, onların təhsil alması, Azərbaycana bacarıqlı kadrların hazırlanması çox böyük vəzifədir və ölkəmizin inkişafı məhz bilik səviyyəsindən asılı olacaqdır”. Ümummilli liderimizin müəllifi olduğu və dövlət başçısı tərəfindən uğurla davam etdirilən təhsil strategiyası Azərbaycanda və onun Naxçıvan Muxtar Respublikasında yeni mərhələyə yüksəlib. Bütün təhsil pillələri üzrə müasir infrastruktur yaradılıb, kompleks quruculuq işləri aparılaraq maddi-texniki baza möhkəmləndirilib.

“Bu gün muxtar respublika gəncləri hər cür tədris imkanları - kompüterləri, elektron lövhələri, laboratoriyaları, STEAM və fənn kabinələri, ixtisaslı müəllim heyəti olan məktəblərdə təhsil alırlar”,-deyən Ali Məclisin Sədri bildirib ki, zəngin kitabxana fondu və elektron dərslik təminatı, xarici dillərin tədrisi, elm müəssisələri, eləcə də muzeylərlə məktəblər arasında keçirilən interaktiv dərslər şagirdlərin təhsili ilə yanaşı, həm də dünyagörüşünün formalaşmasına və inkişafına mühüm töhfə verir. Görülən işlərin nəticəsidir ki, ümumtəhsil məktəblərini bitirən gənclərimiz dünyanın istənilən universitetlərində ali təhsil almaq potensialına malikdirlər. Aşağı Əndəmic kəndində yaradılan şərait təhsil infrastrukturu ilə məhdudlaşmır. Kənddə geniş quruculuq işləri aparılıb, kənd və xidmət mərkəzləri tikilib, yeni yol çəkilib, əhaliyə göstərilən rabitə xidmətlərinin səviyyəsi yüksəldilib, bir sözlə rahat yaşayış təmin olunub. Bütün bunlar bir kəndin timsalında Azərbaycan dövlətinin öz vətəndaşlarına, sağlam və etibarlı gələcəyinə göstərdiyi qayğının ifadəsidir.

Ali Məclisin Sədri deyib: Bu gün təhsilin məqsədi Azərbaycan dövləti qarşısında öz məsuliyyətini dərk edən, bilikli, peşə sahibi, vətənpərvər, ulu öndərin ideyalarına sadiq, müstəqil və yaradıcı düşünən vətəndaş və şəхsiyyət yetişdirməkdir. Pedaqoji fikirdə də belə bir qayda var ki, şagirdlərin mənəvi dünyasını yalnız tədrisə, oxumağa sığışdırmaq olmaz; o məktəbli olmaqla yanaşı, həm də çoxtərəfli maraqları, istəkləri və hədəfləri olan insana çevrilməlidir. Əsl müəllimlər şagirdlərinə hazır bilikləri verənlər yox, onların təfəkkürünün formalaşmasına kömək edənlərdir. Ona görə də təhsil müəssisələrinin rəhbərləri, pedaqoji kollektivlər yaradılanlardan səmərəli istifadə etməli, keçirilən dərslərdə tariximizə, dilimizə, adət və ənənələrimizə, milli dəyərlərimizə hörmət və qayğı aşılanmalı, gənclər vətənpərvərlik ruhunda tərbiyə olunmalıdırlar. Təhsilli və vətənpərvər gənclikdən danışırıqsa, məktəblə bərabər cəmiyyətin hər bir üzvünün də üzərinə mühüm vəzifələr düşdüyünü unutmamalıyıq. Gənclərin təhsili və tərbiyəsi təkcə məktəbin işi deyil, bu, həm də ictimai vəzifədir. Aid dövlət qurumları, eləcə də ailələr gənclərin təlim-tərbiyəsinə kömək etməli, sağlam ailə-məktəb münasibətləri formalaşmalı, valideynlər tədris  prosesinə cəlb edilərək övladının davamiyyəti, intizamı və təhsili barədə mütəmadi məlumatlandırılmalı, şagirdlərin məktəbdənkənar asudə vaxtları səmərəli təşkil olunmalıdır. Gənclərimiz də onlara göstərilən etimadı doğrultmalı, hərtərəfli təhsil alaraq peşə sahibinə çevrilməlidirlər. Biliklərə dərindən yiyələnməli, öz intellektual və yaradıcı potensiallarını müstəqil Azərbaycanın inkişafına sərf etməlidirlər.

Ali Məclisin Sədri bu yolda kollektivə uğurlar arzulayıb və çıxışını ümummilli lider Heydər Əliyevin fikirləri ilə tamamlayıb: “Dövlət üçün, xalq üçün gənclik hər şeydən qiymətlidir. Gənclərin sağlam böyüməsi, yaxşı təhsil alması hər bir millətin, xalqın ən dəyərli sərvətidir. Çünki o, millətin, xalqın gələcəyidir, daimiliyidir, əbədiliyidir”.

Naxçıvan Muxtar Respublikasının təhsil naziri Rəhman Məmmədov çıxış edərək deyib ki, muxtar respublikada bütün sahələr kimi, təhsil də dövlət qayğısı ilə əhatə olunub. Ümumtəhsil məktəblərinin maddi-tədris bazası möhkəmləndirilir, şagirdlərin yüksək təhsil alması, istedad və bacarıqlarının aşkar edilməsi və inkişafı üçün əlverişli tədris şəraiti yaradılır. Müstəqillik illərində muxtar respublikada 200-dən çox təhsil müəssisəsi üçün bina tikilmiş və ya əsaslı şəkildə yenidən qurulub. Bu gün isə Əndəmic kənd tam orta məktəbi əsaslı şəkildə yenidən qurularaq istifadəyə verilir. Cari tədris ilində muxtar respublikanın ümumtəhsil məktəblərində 53 min 524 şagird təhsil alacaqdır ki, onun da 3680-i məktəbəhazırlıq, 5250-si isə birinci sinif şagirdidir. Şagirdlərin təhsili ilə 7500-dən çox müəllim məşğul olacaqdır ki, onlardan da 120-si ilk dəfə pedaqoji fəaliyyətə başlayan gənc kadrlardır. Yeni tədris ilinin başlanması ilə əlaqədar Ali Məclis Sədrinin tapşırığı əsasında ümumtəhsil məktəblərinə 182 mindən çox yeni dərslik verilib, sosial qayğıya ehtiyacı olan şagirdlər məktəbli forması və dərs ləvazimatları, 196 hərbi rəhbər isə xüsusi forma ilə təmin edilib. Rəhman Məmmədov göstərilən hərtərəfli diqqət və qayğıya görə muxtar respublikanın təhsil işçiləri adından Ali Məclisin Sədrinə minnətdarlıq edib.

Əndəmic kənd tam orta məktəbinin müəllimi Şəfa Sadiqova deyib: “Ali Məclis Sədrinin diqqət və qayğısı sayəsində muxtar respublikada digər sahələr kimi, tədrisin yüksək səviyyədə təşkili üçün də hərtərəfli şərait yaradılır. Bilik Günündə Əndəmic kəndinin əhalisinə hədiyyə olunan məktəb binası da kollektiv üçün ən gözəl hədiyyədir. Həyata keçirilən uğurlu təhsil siyasəti, şagird və müəllimlərə göstərilən qayğı, yaradılan şərait biz təhsil işçiləri qarşısında mühüm vəzifələr qoyur, müəllimləri daha yaxşı işləməyə sövq edir və məsuliyyətimizi daha da artırır. Bu cür möhtəşəm, müasir avadanlıqlarla təchiz olunan məktəbdə işləmək qürur və fərəh hissi doğurur. Muxtar respublikada müəllim əməyinə həmişə yüksək qiymət verilir. Yaradılan şəraitin nəticəsidir ki, gənclər müsabiqə yolu ilə işlə təmin olunur, şəhər və rayon mərkəzlərində yaşamalarına baxmayaraq, kənd məktəblərində işləməyə üstünlük verirlər”. Şəfa Sadiqova göstərilən hərtərəfli qayğıya görə kollektiv və valideynlər adından minnətdarlıq edib.

Sonra Ali Məclisin Sədri məktəbdə yaradılan şəraitlə tanış olub.

Məlumat verilib ki, zirzəmi ilə birlikdə 3 mərtəbədən ibarət olan 252 şagird yerlik məktəbdə 14 sinif otağı, kimya, biologiya və fizika laboratoriyaları, hərbi kabinə, şahmat sinfi, kompüter, müəllimlər və psixoloq otaqları, STEAM kabinəsi, kitabxana, 2 qarderob, idman zalı, anbar və təsərrüfat otağı yerləşir. Kitabxana fondunda 4981 kitab vardır.

STEAM kabinəsində 1 elektron lövhə, 2 kompüter, 3D printer quraşdırılmış, mikrobit, arduino setləri və digər öyrədici STEAM qurğuları ilə təchiz edilib. Şagirdlərin hazırladıqları “Günəş izləmə sistemi”, “Xətt izləyən robot”, “Alqoritmlə işləyən işıqfor” layihələri Ali Məclisin Sədrinə təqdim edilib.

Müəllim Türkanə Məmmədova deyib: “Naxçıvan təhsili özünün intibah dövrünü yaşayır. Əndəmic kənd tam orta məktəbinin istifadəyə verilməsi, onun maddi-texiniki bazasının möhkəmləndirilməsi və STEAM təliminin tətbiqi bunun bariz nümunəsidir. Mən də hər bir gənc kimi yaradılan şəraitdən yararlanaraq STEAM təlim kurslarında iştirak edib sertifikat almışam. Bundan sonra da gənc nəslin təhsilli, vətənpərvər ruhda böyüməsi üçün səylə çalışacağam”.

Məktəbdə internetə çıxışı olan 22 kompüter və 4 elektron lövhə quraşdırılıb. Bu da tədrisdə yeni texnologiyaların imkanlarından geniş istifadə olunmasına, ən əsası isə dərslərin daha yaxşı qavranılmasına imkan verəcəkdir.

Ali Məclisin Sədri elektron lövhəli sinifdə Heydər Əliyev Muzeyi ilə 200-dən artıq təhsil müəssisəsi arasında “Ümummilli lider Heydər Əliyev və təhsil siyasəti” mövzusunda keçirilən interaktiv dərsi izləyib.

Şagirdlərin nəzəri biliklərini möhkəmləndirmək üçün kimya, biologiya və fizika laboratoriyalarında müasir avadanlıqlar quraşdırılıb, idman zalında yeniyetmələrin fiziki sağlamlığının qorunması üçün lazımi şərait yaradılıb. Şagirdlərin hərbi hazırlığının və vətənpərvərlik tərbiyəsinin yüksəldilməsi məqsədilə məktəbdə hərbi kabinə də fəaliyyət göstərir. Şahmat sinfinin bütün lazımi avadanlıqlarla təchiz olunması isə dərslərin daha yaxşı tədrisinə imkan yaradır.

Ali Məclisin Sədri birinci sinifdə təhsil alan şagirdlərin dərs prosesi ilə maraqlanıb. Bildirilib ki, 2021-2022-ci tədris ilində məktəbin birinci sinfinə 16 şagird qəbul olunub.

Sonra məktəbin pedaqoji kollektivi ilə görüş olub.

Təhsil naziri Rəhman Məmmədov çıxış edərək deyib ki, altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin birinci sessiyasında qəbul edilən fəaliyyət proqramında bütün təhsil pillələri üzrə infrastrukturun müasirləşdirilməsi və yaradılan şəraitdən səmərəli istifadə, innovasiyaların tətbiqi və ixtisaslı kadr hazırlığının diqqətdə saxlanılması prioritet sahə kimi müəyyənləşdirilib. Fəaliyyət proqramına uyğun olaraq muxtar respublikada təhsil müəssisələrinin maddi-tədris bazasının möhkəmləndirilməsi, təhsilin inkişafı, innovativ tədris metodlarının tətbiqi sahəsində ardıcıl tədbirlər həyata keçirilir. Hazırda Ordubad rayonunda Pəzməri, Dırnıs və Vələver məktəblərində tikinti və yenidənqurma işləri aparılır. Əndəmic kənd tam orta məktəbinin də maddi-tədris bazası yaxşılaşdırılıb. Məktəbdə yaradılan şərait təhsilin yüksək səviyyədə təşkilinə, interaktiv və nümunəvi dərslərin keçirilməsinə, daha yüksək nəticələrin əldə olunmasına, bilikli və vətənpərvər gənclərin yetişdirilməsinə geniş imkanlar açır.

Məktəbin gənc müəllimi Badisəba Babayeva minnətdarlıq edərək deyib: Bu gün biz müəllimlərin, o cümlədən şagirdlərin və kənd əhalisinin sevincinin həddi-hüdudu yoxdur. Artıq Əndəmic kəndi də müasir kəndlər sırasına qoşulur. Məktəbimiz yenidən qurularaq müəllim və şagirdlərin istifadəsinə verilir. Ali Məclisin Sədri çıxışlarının birində dediyi kimi, “Təhsilə qoyulan sərmayə ölkənin gələcəyinə qoyulan sərmayədir”. Hər il yüzlərlə şagirdin ali təhsil müəssisələrinə qəbul olması təhsilə göstərilən qayğının, yaradılan müasir tədris şəraitinin nəticəsidir. Belə gözəl və yaraşıqlı məktəb binasında fəaliyyət göstərmək ən böyük arzumuz idi və bu arzumuza da çatdıq. Söz veririk ki, yaradılanları qorumaqla yanaşı, həm də əsl vətənpərvər gənclər yetişdirəcəyik.

Ali Məclisin Sədri deyib: Bilik Günündə Əndəmic kənd tam orta məktəbinin yeni binasının istifadəyə verilməsi əlamətdar hadisədir. Müasir məktəbdə ölkəmizin gələcəyi olan gənclər yüksək səviyyədə hazırlanacaqlar. Gənclər təhsil almaqla bərabər, vətənpərvər böyüməli, öz tarixinə, milli dəyərlərinə, dilinə hörmət etməlidirlər. Müasir tədrisin tələblərinə tam cavab verən Əndəmic kənd tam orta məktəbi güclü tədris bazasına, zəngin kitabxana fonduna və dəyərli pedaqoji kollektivə malikdir. Bu da imkan verəcək ki, müəllim heyəti həm tədrisin keyfiyyətinin yüksəldilməsinə nail olsun, həm də şagirdləri vətənpərvər böyüdə bilsinlər. Muzeylər, ali təhsil müəssisələri ilə interaktiv əlaqələrin qurulması, bundan başqa elektron dərsliklərin tədrisdə tətbiqi və digər imkanlar gələcək nailiyyətlərin təməlidir.

“Əndəmic kənd tam orta məktəbinin nailiyyətləri qənaətbəxşdir. Son 5 ildə məktəbi bitirən məzunların 84 faizə yaxını ali və orta ixtisas məktəblərinə qəbul olub”,- deyən Ali Məclisin Sədri kollektivə təşəkkür edib, yaradılan şəraitdən sonra məktəbin nailiyyətlərinin daha da artacağına, muxtar respublikanın qabaqcıl məktəbləri sırasında özünə layiqli yer tutacağına əminliyini bildirib, yeni tədris ilində uğurlar arzulayıb.

Binanın həyətində fərdi qazanxana və bufet tikilib, açıq idman qurğuları qoyulub, abadlıq və yaşıllaşdırma işləri aparılıb.

                                            
                                      

 
066677
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
67
83
439
845
66677

Tarix: 22 -12-2024