Bu gün Naxçıvan Muxtar Respublikası Atletika Federasiyasının Kəngərli rayon bölməsinin, Kəngərli Rayon Gənclər və İdman İdarəsinin və Uşaq-gənclər idman məktəbinin birgə təşkilatçılığı ilə oğlanlar arasında 5000, qızlar arasında isə 2000 m məsafələrə kross qaçışı üzrə rayon birinciliyi keçirilib.Yarışın keçirilməsində məqsəd yeniyetmə və gəncləri atletika idman növünə cəlb etmək, onların asudə vaxtlarını səmərəli təşkil etmək, atletika idman növünü inkişaf etdirmək və kütləviliyinə nail olmaqdan ibarətdir.
Yarışı giriş sözü ilə açan Təhsil Şöbəsinin əməkdaşı Həsən Tağıyev bu əlamətdar gün münasibətilə yarış iştirakçılarını təbrik edərək bildirib ki, Azərbaycan dövlətinin və istiqlalının müqəddəs rəmzlərindən olan bayraq milli kimliyimizin simvoludur. Dövlət bayrağı hər bir vətəndaşın qürur mənbəyi, müstəqil dövlətimizin şərəf və qüdrətinin rəmzidir. Vurğulayıb ki, məhz bu baxımdan xalqımızın azadlığını, suverenliyini, öz istiqlalı uğrunda apardığı mübarizəni, milli kimliyini tərənnüm edən üçrəngli bayrağımız qürurumuzdur.
Yarışda 40 şagirdin iştirakı təmin edilib.
Yarışın yekun nəticələrinə əsasən, oğlanlar arasında 5000 m məsafəyə qaçış üzrə Suat Eyvazov I, Zöhrab Süleymanov II, Xəyal Təmoyev III yerə layiq görülüb. Qızlar arasında isə 2000 m məsafəyə qaçış üzrə Ayla Kərimova I, Mehriban Heydərova II, Səidə Əliyeva III yerə layiq görülüb.
Komanda hesabında isə Qabıllı kənd tam orta məktəbi I, Qıvraq qəsəbə tam orta məktəbi II, Yeni Kərki kənd tam orta məktəbi III yerə layiq görülüb. Qalib olan komanda və idmançılara təşkilatçılar tərəfindən diplom və medallar təqdim olunub.