Noyabrın 26-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri, Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının Sədri Vasif Talıbovun sədrliyi ilə təşkilatın VI konfransı keçirilib.
Konfransın gündəliyinə aşağıdakı məsələlər verilib.
1. Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının Sədrinin məruzəsi
2. Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının konfranslararası dövrdəki fəaliyyəti haqqında Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatı icra katibinin hesabatı
3. Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının Əsasnaməsinin təsdiq edilməsi
4. Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının İdarə Heyətinin tərkibinin təsdiq edilməsi
5. Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının Təftiş Komissiyasının tərkibinin təsdiq edilməsi
6. Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının Veteranlar Şurasının tərkibinin təsdiq edilməsi
7. Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının Gənclər Birliyinin tərkibinin təsdiq edilməsi
Konfransın gündəliyi səsə qoyularaq qəbul olunub.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri, Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının Sədri Vasif Talıbov konfransda məruzə edib.
Gündəlikdə duran ikinci məsələ ilə bağlı Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının İcra katibi Anar İbrahimov hesabat verərək deyib ki, konfranslararası dövrdə partiyanın say tərkibinin artımında müsbət irəliləyişlər əldə edilib. V Konfransda partiya üzvlərinin sayı 51025 nəfər olubsa, hazırda üzvlərin sayı 57915 nəfərdir. Onlardan 25666-sı qadınlar, 23594-ü gənclərdir. Bu gün partiya üzvləri bütövlükdə Yeni Azərbaycan Partiyası üzvlərinin 7,5 faizini təşkil edir. Ötən dövr ərzində partiya sıralarına 8665 üzv qəbul olunub. Bu gün partiya uçotunda duranların 30-u elmlər, 176-sı fəlsəfə doktorlarıdır. Bununla yanaşı, üzvlərin 18,8 faizi təhsil, 6,8 faizi səhiyyə, 4,8 faizi elm, mədəniyyət və incəsənət sahəsində, 5,5 faizi idarəetmə strukturlarında, 47,5 faizi digər sahələrdə çalışanlardan, 3,8 faizi təqaüdçülərdən, 5,1 faizi tələbələrdən ibarətdir. Hazırda muxtar respublikanın rayon (şəhər) təşkilatlarının 506 ərazi ilk partiya təşkilatları mövcuddur. Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatı, şəhər və rayon partiya təşkilatlarının xətti ilə ötən dövrdə 587 müxtəlif tədbir keçirilib, 552 İdarə Heyəti, 185 Şura yığıncağı olmuşdur. Konfranslararası dövrdə Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatı 6 seçki kampaniyasında iştirak edib və qələbə qazanaraq siyasi nüfuzunu və sosial dəstəyini bir daha nümayiş etdirib.
Gündəlikdə duran üçüncü məsələ ilə bağlı bildirilib ki, Yeni Azərbaycan Partiyasının 2021-ci il martın 5-də keçirilən VII növbədənkənar Qurultayında partiyanın yeni Nizamnaməsi qəbul olunub və partiyanın strukturunda dəyişikliklər edilib. Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının Əsasnaməsini də həmin dəyişikliklərə uyğunlaşdırmaq məqsədilə yeni Əsasnamə hazırlanıb.
Əsasnamədə edilən dəyişikliklər barədə Təşkilatın icra katibi Anar İbrahimov məlumat verib, Əsasnamə səsə qoyularaq qəbul olunub.
Konfransda Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının İdarə Heyətinin, Təftiş Komissiyasının, Veteranlar Şurasının və Gənclər Birliyinin tərkibi təsdiq edilib.
Ali Məclisin Sədri hesabat dövrü ərzində birgə fəaliyyət göstərən Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının üzvlərinə, partiyanın təəssübkeşlərinə, ümummilli liderimiz Heydər Əliyevin dövlətçilik xəttinə sədaqət göstərənlərin hamısına bir daha təşəkkür edib, şəhidlərimizin əziz xatirəsinə ehtiramını bildirib və konfransı bağlı elan edib.
Sonda tədbir iştirakçıları Naxçıvan televiziyasının Yeni Azərbaycan Partiyası ilə bağlı hazırladığı filmə baxıblar.