• 1.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 9.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg
  • 22.jpg

Naxçıvanda sahibkarlarla görüş olub

Fevralın 4-də Naxçıvan Biznes Mərkəzində muxtar respublika sahibkarları ilə görüş keçirilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov tədbirdə çıxış edib, ümummilli liderimiz Heydər Əliyevin “Biz sahibkarlığın inkişafına dövlət siyasətimiz kimi baxırıq. Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq”,-fikirlərini xatırladaraq deyib: Dahi şəxsiyyət ölkəmizə ikinci rəhbərliyi dövründə sahibkarlığın inkişafını Azərbaycanın strateji yolu kimi müəyyənləşdirib, bu sahədə zəngin qanunvericilik bazası yaradılıb. Bu gün ölkə Prezidenti cənab İlham Əliyevin ulu öndərin yolunu uğurla davam etdirməsi sahibkarlığın inkişafında da yeni mərhələnin əsasını qoyub, Azərbaycanda və onun Naxçıvan Muxtar Respublikasında əlverişli biznes və investisiya mühiti yaradılıb. Bütün bunların nəticəsidir ki, muxtar respublikada sosial-iqtisadi islahatların əhatə dairəsi genişlənib, ərzaq və enerji təhlükəsizliyi təmin edilib, yerli istehsalın həcmi artıb. Digər bir tərəfdən kənd təsərrüfatına dövlət dəstəyi aqrar sahədə sahibkarlığın inkişafına geniş imkanlar açıb. Torpaq mülkiyyətçilərinə və fermerlərə güzəştli kreditlərin və subsidiyaların verilməsi, lizinq xidmətinin təşkili, texnika və avadanlıqlarla təminat özəl mülkiyyətə əsaslanan təsərrüfatların sayını artırıb. Hazırda muxtar respublikada aqrar sahədə məhsul istehsalının 100 faizə yaxını özəl mülkiyyətə əsaslanır.

 “Sahibkarlığın inkişafından danışarkən ailə təsərrüfatları modeli xüsusilə qeyd olunmalıdır”,- deyən Ali Məclisin Sədri bildirib ki, bu gün muxtar respublikada ailə təsərrüfatlarının inkişafı özünüməşğulluğu təmin etməklə yanaşı, həm də kiçik və orta sahibkarlığın inkişafına zəmin yaradır. Eyni zamanda özünüməşğulluq tədbirləri sırasında əhalinin aztəminatlı təbəqəsi aktiv əməyə cəlb edilir, dövlət tərəfindən bu kateqoriyadan olan ailələrə dəstək göstərilir. Muxtar respublikada sahibkarların maliyyə resurslarına çıxış imkanları da sadələşdirilib, aid qurumlar və banklar tərəfindən səmərəli icra mexanizmi müəyyənləşdirilib. 2021-ci ildə muxtar respublikada sahibkarlara 38 milyon manatdan artıq kredit verilib, 142 yeni istehsal və xidmət sahəsi yaradılıb. Xidmət sektorunda sahibkarlıq fəaliyyətinin təşviqi isə nəticə etibarı ilə turizmin, xüsusilə də daxili turizmin inkişafına səbəb olub.

Ali Məclisin Sədri deyib: Muxtar respublikada sahibkarlığın inkişafında yerli məhsulların istehsalı qədər onların satışının təşkili də mühüm əhəmiyyət daşıyır. Yaşayış məntəqələrində iri ticarət mərkəzlərinin və bazarların fəaliyyət göstərməsi, mövsüm ərzində yarmarkaların təşkili, yerli məhsullara üstünlük verilməsi və istehsaldan birbaşa satışa prinsipinin dəstəklənməsi məhsul istehsalçılarının marağını artırıb. Bu bir həqiqətdir ki, sahibkarlığın inkişafı məşğulluğun təmin olunmasına və sosial rifaha birbaşa təsir edir. Muxtar respublikada dövlətin sahibkarlar üçün yaratdığı şərait, görülən işlər və əldə olunan nəticələr bunu bir daha təsdiq edir. Müstəqillik illərində muxtar respublikada özəl sektor üzrə 70 minə yaxın yeni iş yeri açılıb. Hazırda muxtar respublikada məşğul əhalinin 85 faizi özəl sektorda çalışır.

Qeyd olunub ki, sənayenin uğurlu inkişafı da birbaşa sahibkarlıq fəaliyyəti ilə bağlıdır. Məhz bu səbəbdəndir ki, muxtar respublikada istehsal edilən sənaye məhsulunun 93 faizi özəl bölmənin payına düşür. Sənaye sahəsində rəqabətqabiliyyətli və ixracyönümlü məhsul istehsalının təşviqi, innovasiyalara əsaslanan yeni müəssisələrin qurulması və uğurların artırılması üçün 2022-ci il muxtar respublikada “Sənaye ili” elan edilib, bununla bağlı Tədbirlər Planı təsdiq olunub. “Sənaye ili”ndə muxtar respublikanın aid dövlət qurumları və sahibkarlıq müəssisələri qarşısında mühüm vəzifələr durur.

Ali Məclisin Sədri qarşıda duran vəzifələrlə bağlı müvafiq tapşırıqlar verərək deyib: Muxtar respublikada daxili bazar təhlil edilməli, İqtisadiyyat Nazirliyi tələbata uyğun yeni istehsal sahələrinin yaradılmasını dəstəkləməli, biznes-planlar tərtib olunarkən rentabellik amili əsas götürülməlidir. Nazirlik 2022-ci ildə sənaye müəssisələrinin fəaliyyətinin genişləndirilməsini, xüsusilə yerli xammala və innovativ layihələrə əsaslanan müəssisələrin qurulmasını, emal sənayesi müəssisələrinin yaradılmasını davam etdirməli, Şərur Sənaye Məhəlləsində işlər başa çatdırılmalıdır. Sahibkarlıq sahəsində maliyyə-kredit işi səmərəli mexanizm üzrə tənzimlənməli, kreditlərdən təyinatı üzrə istifadəyə diqqət artırılmalı, Mərkəzi Bankın Naxçıvan Muxtar Respublikası İdarəsi və Sahibkarlığın İnkişafı Fondu ehtiyac meyarlarını düzgün qiymətləndirməli, maliyyə riskləri araşdırılmalıdır. Dövlət Vergi Xidməti xüsusi razılıq tələb edən sahibkarlıq subyektlərini vergi ödəyicisi kimi qeydiyyata alarkən sənədlərin düzgünlüyünü yoxlamalı, zərurət yarandıqda səlahiyyətli orqanlarla birlikdə araşdırılmalıdır. Sahibkarlıq fəaliyyətinə dövlət nəzarəti həmin sahənin işinə maneələr yaratmamalıdır. İqtisadiyyat Nazirliyi, Dövlət Vergi Xidməti, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti nəzarət tədbirlərini qanunvericiliyin tələblərinə uyğun aparmalı, əsassız yoxlamaların qarşısı alınmalıdır.

Ali Məclisin Sədri deyib: Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi özünüməşğulluq proqramı çərçivəsində aztəminatlı ailələrin məşğulluğu ilə bağlı işləri davam etdirməli, sahibkarlıq müəssisələrində əməyin təşkili və mühafizəsi qaydalarına nəzarət olunmalıdır. Dövlət Gömrük Komitəsi yerli məhsulların daxili bazarda mövqeyinin gücləndirilməsi və xarici rəqabətin təsirindən qorunması istiqamətində müvafiq tədbirlər görməli, ixracyönümlü məhsul istehsal edən sahibkarlar üçün lazımi şərait yaratmalı, gömrük yoxlamaları sadələşdirilməlidir. İqtisadiyyat və Kənd Təsərrüfatı nazirlikləri aqrar sahədə sahibkarlıq fəaliyyətinin genişlənməsinə bundan sonra da diqqəti artırmalı, yerli icra hakimiyyətləri ailə təsərrüfatlarının inkişafına dəstək göstərməli, ailə təsərrüfatları isə istehsal etdikləri məhsulların növ və çeşidini artırmalı, məhsulların keyfiyyətinə və standartlara uyğun qablaşdırılmasına diqqət yetirməlidirlər. Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti kateqoriyasına və təyinatına uyğun olaraq torpaqlardan düzgün istifadəni təmin etməli, yerli icra hakimiyyəti orqanları ilə birlikdə bu məsələyə nəzarət artırılmalı, torpaq mülkiyyətçiləri və fermerlər məlumatlandırılmalıdır. Sahibkarlıq sahəsində risklər düzgün dəyərləndirilməli və könüllü sığortaya üstünlük verilməli, Dövlət Sığorta Xidməti sahibkarlarla işə diqqəti artırmalıdır.

Ali Məclisin Sədri deyib: Kadr hazırlığı sahibkarlığın inkişafında əsas məsələ olmalı, təhsil və istehsalat müəssisələri arasında əlaqələr genişləndirilməli, tələbata uyğun peşə kursları açılmalı, işçilərin təcrübə və bacarıqları artırılmalıdır. Özəl sektor o zaman səmərəli inkişaf edir ki, dövlət dəstəyi ilə yanaşı, sahibkarlıq məsuliyyəti də ön planda saxlanılır. Bu mənada sahibkarların üzərinə mühüm vəzifələr düşür. Hər bir sahibkar istehsal prosesində müasir texnologiyaların tətbiqinə, rentabelliyin və keyfiyyətin artırılmasına çalışmalı, vergilər vaxtında ödənilməli, marketinq araşdırmaları aparılmalı, istehsal və xidmət müəssisələrində təhlükəsiz və sağlam əmək şəraiti yaradılmalıdır.

“Dövlətin məqsədi aydındır: sahibkarlıq inkişaf etdirilməli, yeni iş yerləri açılmalı və yerli istehsalın həcmi artırılmalıdır. Hər bir sahibkar da ölkəmizdəki sabitlikdən, özəl sektora göstərilən dövlət qayğısından bəhrələnərək iqtisadi inkişafa öz töhfəsini verməlidir”,- deyən Ali Məclisin Sədri bu yolda və qarşıya qoyulan vəzifələrin icrasında sahibkarlara uğurlar arzulayıb, muxtar respublikada sosial-iqtisadi inkişafın təmin olunmasında və özəl bölmədə uğurlu nəticələrin qazanılmasında əməyi olanlara, eləcə də bütün sahibkarlara təşəkkürünü bildirib.

Naxçıvan Muxtar Respublikasının iqtisadiyyat naziri Tapdıq Əliyev çıxış edərək deyib ki, muxtar respublikanın davamlı inkişafının və iqtisadi dayanıqlığının təmin olunmasında sosial-iqtisadi inkişaf proqramlarının müstəsna əhəmiyyəti vardır. Uğurla icra olunan bu proqramlar iqtisadi potensialın artmasına, investisiya mühitinin yaxşılaşdırılmasına və əhali rifahının yüksəlməsinə şərait yaradıb. Ötən il sosial-iqtisadi inkişafı xarakterizə edən ümumi daxili məhsul istehsalının həcmi bir il öncəyə nisbətdə 2,4 faiz artaraq 3 milyard 16 milyon 315 min manat təşkil etmişdir. Ümumi daxili məhsulun tərkibində ilk yeri 27 faizlə sənaye sahəsi tutmuş,  2020-ci illə müqayisədə 1,7 faiz çox sənaye məhsulu istehsal olunub. Kənd təsərrüfatının müxtəlif sahələri üzrə fəaliyyət göstərən 76 ailə təsərrüfatına Sahibkarlığın İnkişafı Fondu tərəfindən 1 milyon 221 min manat dövlət maliyyə dəstəyi göstərilib, ailə təsərrüfatları 5000 ədəd 27 çeşiddə tara ilə təmin olunub. 2021-ci ildə sosial-iqtisadi inkişafın mühüm amillərindən olan infrastruktur təminatının yaxşılaşdırılması istiqamətində əhəmiyyətli tədbirlər görülüb, 355 müxtəlif təyinatlı obyekt istifadəyə verilib. Müəssisələrin və məhsulların təbliği, beynəlxalq tədbirlərdə tanıdılması məqsədilə 39 ixrac potensiallı müəssisənin və ailə təsərrüfatlarının məhsullarını əks etdirən “İxrac kataloqu” hazırlanaraq çap olunub. Tapdıq Əliyev göstərilən diqqət və qayğıya görə muxtar respublika sahibkarları adından minnətdarlıq edib.

Naxçıvan Muxtar Respublikası Sahibkarlar Konfederasiyasının sədri Vüqar Abbasov bildirib ki, Naxçıvan Muxtar Respublikası Sahibkarlar Konfederasiyası ötən il fəaliyyətini xeyli təkmilləşdirib, üzvlərlə qarşılıqlı əlaqələr yaradıb. Konfederasiya sənaye, marketinq xidmətləri, tibbi fəaliyyət, kənd təsərrüfatı, tikinti, konsaltinq xidmətləri, nəşriyyat-poliqrafiya, turizm, reklam və digər sahələrdə fəaliyyət göstərən 40-a yaxın sahibkarlıq subyektini, o cümlədən ailə təsərrüfatlarını, arıçılar, istixanaçılar və quşçular birliyini özündə birləşdirmişdir. Muxtar respublikaya investisiya axınının genişlənməsi istiqamətində tədbirlər davam etdirilib və bu məqsədlə xarici ölkələrin rəsmi nümayəndələri və iş adamları ilə mütəmadi olaraq görüşlər keçirilib. 2021-ci ildə Azərbaycan və Naxçıvan Sahibkarlar konfederasiyalarının xətti ilə xarici ölkələrlə iqtisadi əməkdaşlıq münasibətlərinin möhkəmləndirilməsi və uğurlu layihələrin imzalanması ilə də yadda qaldı. Türkiyənin İstanbul şəhərində keçirilmiş biznes forumunda,  Macarıstan və Ukraynada keçirilən görüşlərdə ölkələr arasında ticarət, kiçik və orta biznes, investisiya, tranzit daşımaları, iqtisadi əməkdaşlığın genişləndirilməsi, eyni zamanda kənd təsərrüfatı, qida sənayesi, sağlamlıq, informasiya və kommunikasiya üzrə müzakirələr aparılıb. Sahibkarlığın inkişafı istiqamətində reallaşdırılan tədbirlər, bu sahəyə dövlət dəstəyinin gücləndirilməsi özəl bölmənin imkişafını sürətləndirib. Vüqar Abbasov yaradılan şəraitə görə iş adamları adından minnətdarlıq edib.

Ailə təsərrüfatçısı Mətləb Dünyamalıyev deyib: “Kəngərli rayonunun Çalxanqala kəndində ailə təsərrrüfatçısı kimi çaxır emalı ilə məşğul oluruq. Təsərrüfatımıza göstərilən diqqət və qayğı fəaliyyətimizi daha da genişləndirməyə ruhlandırıb, ümumi dəyəri 50 min manat olan yeni çaxır emalı sahəsinin qurulması məqsədilə Sahibkarlığın İnkişafı Fonduna müraciət etmişik. Məhsulun müxtəlif ölçülərdə və dizaynda qablaşdırılması əmtəə görünüşünə də əlavə dəyər qatır. Artıq ailə təsərrüfatımız kiçik sahibkarlıq subyekti kimi formalaşıb, istehsal olunan məhsullarımızın “Xum çaxırı” əmtəə nişanı ilə satışı həyata keçirilir. Bir neçə ildir ki, məhsullarımız Naxçıvan şəhərindəki iri ticarət mərkəzlərində satışa çıxarılır, eləcə də sifariş əsasında Bakı şəhəri və Rusiyaya göndərilir. Ailəmizə məxsus həyətyanı sahədə bir çox meyvə, cəviz, badam ağacları əkmişik. Hazırda ailəmizə məxsus 1 hektardan çox üzüm bağımız var. Ən çox gəlir əldə etdiyimiz sahə üzümçülük olduğundan bu il də üstünlüyü bu sahəyə vermişik və yeni üzüm bağının salınması istiqamətində işlər aparırıq. Ötən il 200 litr üzüm arağı, 1500 litr isə çaxır istehsal etmişik. “Ailə təsərrüfatı məhsulları”nın satış yarmarkasına 200 litrdən çox çaxır çıxararaq satışını həyata keçirmişik. Təsərrüfatımıza ailə üzvlərimizlə yanaşı, əlavə işçi qüvvəsi də cəlb etmişik”. Mətləb Dünyamalıyev ailə təsərrüfatçılarına göstərilən qayğıya görə Ali Məclisin Sədrinə minnətdarlıq edib.

Sonra Ali Məclisin Sədri yeni istehsal və xidmət sahələrinin yaradılması üçün 13 sahibkara güzəştli kreditlərin çeklərini təqdim edib. Bu kreditlər salfetka və araq məhsullarının istehsalı xətlərinin, Avtomobil Xidmət Mərkəzinin yaradılması, mebel istehsalı sahəsinin genişləndirilməsi, meyvə araqlarının, sirkə və çaxır emalı sahələrinin yaradılması, süd məhsullarının emalı və müxtəlif yeyinti məhsullarının qablaşdırılması, göbələk istehsalı, meyvə qurusu, damazlıq ana arı yetişdirmə təsərrüfatının yaradılması, eləcə də maldarlıq, bağçılıq təsərrüfatlarının yaradılması və heyvandarlıq təsərrüfatının genişləndirilməsinə sərf olunacaqdır.

Güzəştli kreditlə təmin olunanlardan “Naxçıvan Muxtar Respublikası Arıçıları” İctimai Birliyinin sədri Etibar Məmmədov minnətdarlıq edərək deyib ki, son illərdə yaradılan şəraitin nəticəsində muxtar respublikada arıçılıq sahəsi geniş inkişaf edib, arı ailələrinin sayı 100 minə çatıb. Muxtar respublikada arı yeşiyinin, mum vərəqi, arı yemi istehsalı və arıçılığın sütunu olan damazlıq ana arı təsərrüfatının yaradılması və inkişafı arıçıların bu sahəyə marağını daha da artıracaqdır.

Tədbirdə Naxçıvan Muxtar Respublikasının 2021-ci ildəki sosial-iqtisadi inkişafından bəhs edən filmə baxış olub.

Ali Məclisin Sədri Naxçıvan Biznes Mərkəzində muxtar respublikanın sosial-iqtisadi inkişaf göstəriciləri, müəssisələr, istehsal olunan məhsullardan ibarət sərgiyə və Naxçıvan Avtomobil Zavodunun istehsalı olan yeni avtomobillərə baxıb.

Qeyd olunub ki, mərkəzdə muxtar respublikada fəaliyyət göstərən 102 müəssisənin 171 növdə 1330 çeşiddə, eləcə də 78 ailə təsərrüfatının 27 növdə 198 çeşiddə məhsulu nümayiş olunur. Həmçinin mərkəzdə muxtar respublikada fəaliyyət göstərən sahibkarlıq subyektlərinin 2021-ci ildə istehsalına başlanılan məhsulları da sərgilənir.

Ali Məclisin Sədri 2022-ci ildə də sahibkarlar üçün geniş imkanların yaradılacağını bildirib, muxtar respublikada istehsal olunan məhsulların çeşidinin, keyfiyyətinin və ixrac imkanlarının artırılması, tələbatı idxal hesabına ödənilən məhsulların yerli istehsalının  təşviq olunması,  ailə təsərrüfatlarının fəaliyyətinin dəstəklənməsi və daxili bazarın qorunması barədə müvafiq tapşırıqlar verib.

                                            
                                      

 
066654
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
44
83
416
822
66654

Tarix: 22 -12-2024