Təhsil müəssisələrində yaradılan müasir idman infrastrukturunun nəticəsidir ki, məktəblilərin idmana marağı artıb. Şagirdlər idman federasiyalarının dəstəyi ilə nəinki muxtar respublika, o cümlədən ölkə və beynəlxalq səviyyəli yarışlarda uğurlar qazanırlar. Cari tədris ilində də 33 şagird ölkə və beynəlxalq səviyyəli idman yarışlarının qalibi olub. Növbəti illərdə də şagirdlərin idmana marağının artırılması və uğurlu nəticələrin qazanılması məqsədilə martın 3-də Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin təşkilatçılığı ilə ümumtəhsil məktəblərində “Şahmat və fiziki tərbiyə fənninin tədrisi vəziyyəti” ilə bağlı müşavirə keçirilib.
Müşavirədə rayon təhsil şöbələrinin müdirləri,şahmat və idman məktəblərinin direktorları və ümumtəhsil məktəblərinin müəllimləri iştirak edib.
Müşavirədə Naxçıvan Muxtar Respublikasının təhsil naziri Rəhman Məmmədov muxtar respublikada təhsilə göstərilən dövlət qayğısından danışıb. Bildirilib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin diqqət və qayğısı ilə muxtar respublikada təhsilin inkişafı istiqamətində mühüm işlər görülüb, müasir standartlara cavab verən təhsil müəssisələri tikilib, həmin müəssisələrin maddi-tədris bazası möhkəmləndirilib, infrastrukturu yenilənib, şagirdlərin hərtərəfli biliyə yiyələnmələri üçün müasir tədris şəraiti yaradılıb.
Qeyd olunub ki, bu gün muxtar respublikada şagirdlərin təhsili ilə yanaşı, onların sağlam həyat tərzinə istiqamətləndirilməsi, fiziki və mənəvi hazırlığının yüksəldilməsi, idmana marağının artırılması, asudə vaxtlarının səmərəli təşkili daim diqqət mərkəzində saxlanılır.Görülən işlərin nəticəsidir ki, bu gün ümumtəhsil müəssisələrində 30 futbol, 14 mini futbol idman meydançası, 203 idman zalı və açıq idman qurğuları, şahmat sinifləri şagird və müəllimlərin ixtiyarına verilib.“2020-2025-ci illər üçün Naxçıvan Muxtar Respublikasında idmanın inkişafına dair Dövlət Proqramı”na uyğun olaraq Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən təhsil müəssisələrində 200-dən artıq idman klubları yaradılıb.
Təhsil naziri bildirib ki, hazırda muxtar respublika ümumtəhsil məktəblərində 378 fiziki tərbiyə müəllimi fəaliyyət göstərir. Onların 35-i müəllimlərin işə qəbulu müsabiqələrində ən yüksək nəticə göstərən gənc kadrdır. Təhsil müəssisələrində idman infrastrukturunun yaxşılaşdırılmasının nəticəsidir ki, bədən tərbiyəsi və idman ixtisaslarına maraq artıb, təkcə ötən tədris ilində 33 məzun ali məktəblərin idman ixtisaslarına qəbul olunub.
Nazir şahmatın tədrisiüçün yaradılan şəraitdən və tədrisin səviyyəsinin yüksəldilməsi üçün Şahmat Federasiyası tərəfindən görülən işlərdən bəhs edərək qeyd etmişdir ki,ümumtəhsil məktəblərində şahmatın tədrisi üçün siniflər ayrılmış, həmin siniflər zəruri avadanlıqlarla, o cümlədən 67 kompüter və 9 elektron lövhə ilə təchiz olunmuşdur. Bunlarla yanaşı Şahmat Federasiyası ilə birgə şahmatı tədris edən müəllimlərin sertifikasiyası aparılmış, 505 müəllim sertifikatla təmin edilmişdir.
Nazir qeyd edib ki, şahmatın tədrisi səviyyəsinin yüksəldilməsi təkcə müəllimlərin peşəkarlıq səviyyəsinin artırılması ilə məhdudlaşmır. Eyni zamanda ümumtəhsil məktəblərinin şahmat fənninə dair dərslik, dərs vəsaiti və digər tədris-metodiki ədəbiyyatlarla təmin olunması dadiqqətdə saxlanılıb. Bu baxımdan Şahmat Federasiyası tərəfindən 5 adda 600-dən artıq vəsait hazlanaraq ümumtəhsil və şahmat məktəblərinə, həmçinin müəllimlərə verilmişdir.
Təhsil naziri qeyd etmişdir ki, yaradılan şəraitin və həyata keçirilən tədbirlərin nəticəsidir ki, cari tədris ilində 33 məktəbli idmanın boks, kikboksinq, sərbəst güləş, atletika, şahmat, karate-do növləri üzrə ölkə və beynəlxalq səviyyəli yarışlarda uğurlu nəticələr qazanıb.
Müşavirədə Babək Rayon Təhsil Şöbəsinin müdiri Həsən Zeynalov,Culfa Rayon Təhsil Şöbəsinin müdiriMehdixan Əliyev, Şahbuz Rayon Təhsil Şöbəsinin müdiriAraz Məmmədov, Naxçıvan Şəhər Uşaq-Gənclər Şahmat Məktəbinin direktoruEmin Hacıyev, Ordubad rayon Uşaq-Gənclər Şahmat Məktəbinin direktoru İsrafil Məmmədov,Şərur Rayon Uşaq-Gənclər İdman Məktəbinin direktor əvəzi Pərvin Həsənovgörülən işlər barədə məlumat veriblər.
Sonda Təhsil naziri idman və şahmat məktəblərində tədrisin səviyyəsinin artırılması, yerlərdə federasiyaların bölmələri ilə əlaqələrin gücləndirilməsi,şagirdlərdə idmana marağın aşılanması, onların sağlam ruhda tərbiyə edilməsi,idman kulublarının fəaliyyətinin gücləndirilməsi,şagirdlərin idman kulublarına cəlb olunması, məktəbdaxili və məktəblərarası idman yarışlarının keçirilməsi ilə bağlı rayon təhsil şöbələrinin müdirlərinə, şahmat və idman məktəblərinin direktorlarına tapşırıqlar vermişdir.