Naxçıvan Muxtar Respublikası Atletika Federasiyasının məşqçi və idmançıları ölkə və beynəlxalq turnirlərdə qazandıqları uğura görə mükafatlandırılıblar. Keçirilən tədbirdə məşqçi və idmançıları təbrik edən Atletika Federasiyasının sədri Rəhman Məmmədov bildirib ki, bu gün muxtar respublikada uşaq, yeniyetmə və gənclərin sağlam həyat tərzinə istiqamətləndirilməsi, fiziki və mənəvi hazırlığının yüksəldilməsi, idmana marağının artırılması, asudə vaxtlarının səmərəli təşkili diqqət mərkəzində saxlanılır. Bunun üçün muxtar respublikanın şəhər və rayonlarında müasir idman infrastrukturu yaradılıb, zallar, idman obyektləri, şahmat məktəbləri tikilərək gənclərin ixtiyarına verilib. Həmçinin, “2020-2025-ci illər üçün Naxçıvan Muxtar Respublikasında idmanın inkişafına dair Dövlət Proqramı” qəbul olunub.Qeyd olunub ki, 2020-ci ilin avqust ayında struktur dəyişikliyindən sonra Atletika Federasiyanın əldə etdiyi nailiyyətlər, qazandığı uğurlar muxtar respublikamızda yaradılan müasir idman şəraitinin bəhrəsidir. Bildirilib ki, hazırda federasiyanın atletika, ağır atletika və bədii gimnastika bölmələrində 2 minə yaxın gənc idmanla məşğul olur. Aparılan məqsədyönlü tədbirlərin nəticəsidir ki, federasiyanın məşqçiləri peşəkar şəkildə formalaşıb, onların hazırladğı idmançılar ölkə və beynəlxalq səviyyəli yarışlarda uğurlu nəticələr əldə edirlər. Bunun nəticəsidir ki, 2022-ci ilin ötən dövründə də federasiyanın idmançıları iştirak etdikləri ölkədaxili və beynəlxalq turnirlərdə 21-i qızıl, 4-ü gümüş, 5-i isə bürünc olmaqla 30 medal qazanıb.Rəhman Məmmədov bildirib ki, federasiyanın tərkibində fəaliyyət göstərən bədii gimnastika bölməsinin də Heydər Əliyev Uşaq Gənclər Yaradıcılıq Mərkəzində, Naxçıvan Qızlar Liseyində, Naxçıvan Dövlət Texniki Kollecində, Naxçıvan şəhər, Şərur və Ordubad rayonlarının Uşaq Gənclər İdman məktəblərində 7 qrupu yaradılıb. Bölmə ilk yaradılanda 70 uşaqla fəaliyyətə başlamışdısa, hazırda bu qruplarda 250-dən artıq uşaq gimnastikanın sirlərinə yiyələnir. Babək, Kəngərli və Şahbuz rayonlarında da yeni qrupların yaradılması istiqamətində tədbirlər görülür. Bölmənin rəhbəri Humay Qafarova Bakı şəhərində keçirilən hakimlik və məşqçilik kurslarında iştirak edərək məşqçilik sertifikatı və hakimlik vəsiqəsi alıb. Bildirilib ki, bölmədə kadr çatışmazlığını aradan qaldırmaq, peşəkar məşqçi-müəllimləri hazırlamaq üçün məşqçilər üçün praktik seminar, bədii gimnastika və xoreoqrafiya kursları təşkil olunub. Bildirilib ki, ümumiyyətlə, cari il bölmə üçün uğurlu olub. Belə ki, aprel ayında Naxçıvan şəhərindəki İlham Əliyev adına Olimpiya İdman Kompleksində ilk dəfə olaraq muxtar respublikanın məktəbdənkənar təhsil müəssisələrinin Gimnastika dərnəyi üzvlərinin bədii gimnastika üzrə nümunəvi çıxışları olub. Bu müddət ərzində bölmənin rəhbəri Humay Qafarova Azərbaycan milli komandasının heyətində İsveçrənin Nevşatel şəhərində keçirilən Gimnastika hamı üçün idman növü üzrə “European Gym For Life Challange” və “EUROGYM 2022” festivallarında iştirak edib və ikinci olub. Həmçinin sentyabr ayında Azərbaycan Gimnastika Federasiyasının yaradılmasının 20 illiyinə həsr olunmuş festival keçirilib ki, burada ölkənin 23 komandasının tərkibində 200-dək idmançı mübarizə aparıb. Festivalda Atletika Federasiyasının Bədii gimnastika bölməsinin üzvləri də iştirak ediblər. Bir məşqçi və 7 idmançı ilə təmsil olunan komandamız ümumi nəticəyə əsasən ölkə birincisi olub. Həmçinin Humay Qafarova gimnastika hamı üçün növü üzrə keçirilən Tbilisi Gimnastradasında ölkəmizi təmsil edən “Ay işığı” komandasının tərkibində çıxış edərək komanda hesabında birinci yeri qazanıb.Yüngül atletika bölməsinin fəaliyyətindən də danışan federasiya sədri bildirib ki, federasiyanın tərkibində bu idman növü ilə 1200-ə yaxın idmançı məşğul olur. Federasiya tərəfindən bu idman növü ilə məşğul olan idmançılara hərtərəfli şərait yaradılır, onların ölkə və beynəlxalq yarışlarda iştirakları təmin olunur. Qeyd olunub ki, idmançılar yaradılan səmərəli şəraitdən istifadə edərək uğurlu nəticələr əldə edirlər. Bölmənin növbəti uğuru isə idmancımız Əmrah Nağıyevin Gürcüstanın Tblisi şəhərində keçirilən Beynəlxalq “Tiblisi Marafonu”nda 10 km metr məsafəyə qaçışda ümumi olaraq 10-cu yerə, öz kateqoriyasında isə 3-cü yerə layiq görülməsidir.Əldə edilən bu uğurlu nəticələrə görə federasiyanın sədri idmancıları təbrik edib, onlara uğurlar arzulayıb.Sonra Atletika Federasiyasının sədr müavini İntiqam Rəhimov qazanılan uğurlar barədə məlumat verib.Tədbirdə federasiyanın idmançıları Humay Qafarova və Əmrah Nağıyev onlar üçün yaradılan şəraitə, göstərilən dövlət qayğısına görə minnətdarlıqlarını bildiriblər.Tədbirdə bölmənin rəhbəri Humay Qafarova və bölmənin idmancıları Damla İsgəndərov, Nilufər Kərimli, İlay Sangur, Lalə Abdullayeva, Mədinə Novruzlu və yüngül atletika bölməsinin idmançısı Əmrah Nağıyev təltif olunublar. Federasiya sədri Rəhman Məmmədov tərəfindən onlara təşəkkürnamə və mükafat təqdim edilib.Sonda xatirə şəkili çəkilib.