Sentyabrın 15-də Aşağı Əndəmic kənd mərkəzi istifadəyə verilib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov binada yerləşən təşkilatların fəaliyyəti və yaradılan şəraitlə maraqlanıb.
Məlumat verilib ki, kənd mərkəzində inzibati ərazi dairəsi üzrə nümayəndəlik, bələdiyyə, rabitə evi, polis sahə və baytarlıq məntəqələri, kitabxana, statistika otağı, mədəniyyət evi, Yeni Azərbaycan Partiyası ərazi ilk təşkilatı, arxiv və 38 yerlik zal yerləşir. Kitabxana fondunda 6299 kitab vardır. Rabitə evində 256 nömrə tutumlu yeni nəsil ATS quraşdırılmışdır. Kənddə 115 internet istifadəçisi vardır.
Hər bir ölkədə sosial-iqtisadi tərəqqini şərtləndirən amillərdən biri də yol-nəqliyyat infrastrukturunun inkişafıdır. Çünki müasir tələblərə cavab verən yolların mövcudluğu rahat hərəkəti təmin etməklə yanaşı, yerli istehsal məhsullarının itkisiz daşınmasına, turizmin inkişafına imkan verir. Muxtar respublikada da müasir və təhlükəsiz yol şəbəkələri yaradılır, kənd yollarının yenidən qurulması diqqətdə saxlanılır. Bu istiqamətdə həyata keçirilən tədbirlər çərçivəsində Ordubad şəhər-Aşağı Əndəmic kənd avtomobil yolu yenidən qurulub.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Aşağı Əndəmic kəndində xidmət mərkəzinin də açılışını edib.
Məlumat verilib ki, xidmət mərkəzində qadın gözəllik salonu, bərbərxana, dərzi, ət satışı yeri, ərzaq və təsərrüfat malları mağazaları, eləcə də 2 anbar yerləşir. Burada xidmət sahələrinin fəaliyyəti üçün nümunəvi şərait yaradılıb, 6 nəfər işlə təmin olunub. Mərkəzdə ailə təsərrüfatlarında istehsal olunan məhsulların satışına üstünlük verilir.