Avqustun 18-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Soyuq bölgəsində yerləşən hərbi hissədə və müdafiə mövqelərində olub.
Şəxsi heyəti salamlayan Ali Məclisin Sədri deyib: 1992-ci ildən bu ərazilər Azərbaycan əsgərinin nəzarətindədir. Əvvəlki illərdə bu cür şərait olmasa da, Azərbaycan əsgərinin şücaəti, hünəri imkan verdi ki, çətin şəraitdə xidmət təşkil edilsin. Sonrakı illərdə burada yaradılan şərait xidmətin təşkilini xeyli asanlaşdırdı. Ötən dövrdə bu ərazilərdə xidmət layiqincə yerinə yetirilib.
Avqustun 16-da Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyində Amerika Birləşmiş Ştatlarının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Örl Litzenberq və onun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.
Görüş zamanı Təhsil naziri Rəhman Məmmədov muxtar respublikada fəaliyyət göstərən təhsil müəssisələri haqqında geniş məlumat verərək bildirmişdir ki, müstəqillik dövründə muxtar respublikada bütün təhsil müəssisələri, o cümlədən məktəb binaları, məktəbəqədər və məktəbdənkənar təhsil, musiqi məktəbləri, ali və orta ixtisas təhsili müəssisələri üçün yeni tədris binaları tikilib istifadəyə verilmişdir.
Avqustun 16-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Amerika Birləşmiş Ştatlarının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Örl Litzenberqerin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Ölkələr arasındakı qarşılıqlı əlaqələrdən bəhs edən Ali Məclisin Sədri Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı səfirliyinin muxtar respublika ilə əməkdaşlıqdakı fəaliyyətini qeyd edib. Ali Məclisin Sədri diqqətə çatdırıb ki, bu illər ərzində təhsil, iqtisadiyyat, kənd təsərrüfatı istiqamətində bir sıra uğurlar əldə olunub, qarşılıqlı layihələr həyata keçirilib. "İcma Quruculuğu Təşəbbüsləri Proqramı" çərçivəsində "Naxçıvan Muxtar Respublikasında Qadınların İqtisadi Səlahiyyətlərinin Artırılması" adlı layihənin həyata keçirildiyini xatırladan Ali Məclisin Sədri nümayəndə heyətinə layihənin həyata keçirilməsinə görə təşəkkür edib.