Avqustun 18-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Təkəqaya yaylaqlarında Ordubad rayonunun Nüsnüs kəndindən olan oba sakinləri ilə görüşüb, onların qayğıları ilə maraqlanıb, söhbət edib, işlərində uğurlar arzulayıb.
Bildirilib ki, ərazinin etibarlı müdafiəsi heyvandarlar üçün geniş imkanlar yaradıb. Ərazidəki yaylaqların otlaq sahələri artırılıb. Yolların çəkilməsi gediş-gəlişi də xeyli asanlaşdırıb. Yüksək dağlıq ərazi olmasına baxmayaraq, təsərrüfatlara mütəmadi olaraq baytarlıq xidməti də təşkil olunur.
Avqustun 18-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Soyuq bölgəsində yerləşən hərbi hissədə və müdafiə mövqelərində olub.
Şəxsi heyəti salamlayan Ali Məclisin Sədri deyib: 1992-ci ildən bu ərazilər Azərbaycan əsgərinin nəzarətindədir. Əvvəlki illərdə bu cür şərait olmasa da, Azərbaycan əsgərinin şücaəti, hünəri imkan verdi ki, çətin şəraitdə xidmət təşkil edilsin. Sonrakı illərdə burada yaradılan şərait xidmətin təşkilini xeyli asanlaşdırdı. Ötən dövrdə bu ərazilərdə xidmət layiqincə yerinə yetirilib.
Avqustun 16-da Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyində Amerika Birləşmiş Ştatlarının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Örl Litzenberq və onun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.
Görüş zamanı Təhsil naziri Rəhman Məmmədov muxtar respublikada fəaliyyət göstərən təhsil müəssisələri haqqında geniş məlumat verərək bildirmişdir ki, müstəqillik dövründə muxtar respublikada bütün təhsil müəssisələri, o cümlədən məktəb binaları, məktəbəqədər və məktəbdənkənar təhsil, musiqi məktəbləri, ali və orta ixtisas təhsili müəssisələri üçün yeni tədris binaları tikilib istifadəyə verilmişdir.