Muxtar respublikada gənc nəslin təhsili ilə yanaşı, onların istedad və bacarıqlarının üzə çıxarılması, asudə vaxtlarının səmərəli təşkili istiqamətində də ardıcıl tədbirlər görülür. Uşaq-musiqi məktəbləri üçün yeni binaların tikilməsi də bu baxımdan mühüm əhəmiyyət kəsb edir.
Yanvarın 14-də Şəhriyar Kənd Uşaq-Musiqi Məktəbinin yeni binası istifadəyə verilib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov binada yaradılan şəraitlə tanış olub.
Bu gün Naxçıvan Muxtar Respublikasındakı sabitlik və tərəqqi ümummilli liderimiz Heydər Əliyevin müəllifi olduğu inkişaf strategiyasının tərkib hissəsi və məntiqi davamıdır. Ötən 25 ildə əhalinin rahat yaşayışının təmin olunması və insan amilinə verilən dəyərin nəticəsidir ki, quruculuq işləri bütün yaşayış məntəqələrini əhatə edir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin də dediyi kimi: "Azərbaycanın digər bölgələri də inkişaf edir. Amma sizə deyə bilərəm ki, bu baxımdan Naxçıvan Azərbaycanda liderdir və ümid edirəm ki, siz gələcəkdə də liderliyi saxlayacaqsınız".
Sədərək rayonununda şagirdlərin sağlam həyat tərzinə istiqamətləndirilməsi, fiziki və mənəvi hazırlığının yüksəldilməsi, idmana marağının artırılması, asudə vaxtlarının səmərəli təşkili daim diqqət mərkəzindədir. Bu işlərin davamı olaraq Sədərək Rayon Təhsil Şöbəsinin tabeliyində fəaliyyət göstərən təhsil müəssisələrində idman klubları yaradılmışdır. Yanvarın 7-də Təhsil Şöbəsinin təşkilatçılığı ilə Sədərək rayonununda yaradılmış idman klublarının təqdimatı keçirilmişdir.