Təbii ki, hər bir cəmiyyətin sağlam və fiziki cəhətdən güclü gənclərə ehtiyacı var. Buna görə də, gənclərin fiziki cəhətdən güclü olmalarını diqqət mərkəzində saxlayan Ali Məclis Sədrinin idmanın inkişafı üçün göstərdiyi səylər və qəbul etdiyi qərarlar belə deməyə əsas verir ki, muxtar respublikada idmanda güclü hazırlıq tələb edən böyük nəticələr və gələcəkdə idmanın inkişafı istiqamətində qarşıya qoyulan vəzifələr uğurla və səylə həyata keçirilir. Muxtar respublikamızda bütün sahələrdə olduğu kimi idmanın inkişafı sahəsində də mühüm işlər görülmüşdür. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin diqqət və qayğısı sayəsində ötən müddət ərzində muxtar respublika ümumtəhsil məktəblərində müasir standartlara cavab verən idman klubları, hər cür şəraiti olan olimpiya idman kompleksləri, üzgüçülük mərkəzləri, Atıcılıq Mərkəzi, Uşaq-Gənclər şahmat və idman məktəbləri tikilərək idmançıların istifadəsinə verilmişdir. Bu sahəyə olan qayğının nəticəsidir ki, muxtar respublikada idmanın müxtəlif növləri üzrə peşəkar idmançılar yetişdirilir, bu sahədə qazanılan nailiyyətlər ildən-ilə artır, ölkə və beynəlxalq səviyyəli yarışlarda yüksək nəticələr əldə olunur.
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü münasibətilə Muxtar Respublika Stadionunda Naxçıvan şəhər ümumtəhsil məktəblərinin oğlan və qız atletləri arasında atletikanın yadro itələmə, nizə atma və qaçış növləri üzrə şəhər birincilikləri keçirilib.
Naxçıvan Muxtar Respublikası Atletika Federasiyasının Naxçıvan şəhər bölməsi, Naxçıvan Şəhər Təhsil Şöbəsi, Gənclər və İdman İdarəsi və Uşaq-Gənclər İdman Məktəbinin birgə təşkil etdiyi birincilikdə 13 ümumtəhsil məktəbi üzrə 130 idmançı (hər komandadan 5 oğlan, 5 qız) iştirak edib. Tədbirdə çıxış edənlər yarışın keçirilmə məqsədi və qaydaları haqqında idmançılara geniş məlumat verib və atletlərə uğurlar arzulayıblar.
Hərbi vətənpərvərlik tərbiyəsinin gücləndirilməsi və gələcəkdə Azərbaycan Silahlı Qüvvələri sıralarında xidmətə daha yaxşı hazırlıq məqsədi ilə 28-30 aprel 2021-ci il tarixlərdə Şərur, Babək və Şahbuz rayon ümumtəhsil məktəblərinin X-XI siniflərinin oğlan şagirdləri N saylı Hərbi hissədə ekskursiyada olmuşlar. Şagirdlər hərbi hissədə olan müxtəlif texnikaların, silah və sursatların texniki-taktiki göstəriciləri ilə tanış olmuş və avtomat silahdan praktiki ilkin atıcılıq çalışmalarını yerinə yetirmişlər.
Ülviyyə HACIYEVA