Şəhriyar kəndində əhalinin rahatlığının təmin olunması istiqamətində görülən kompleks tədbirlər çərçivəsində yeni xidmət mərkəzi də tikilib.
Yanvarın 14-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov mərkəzin açılışını edib.
Bildirilib ki, mərkəzdə sakinlərin gündəlik tələbatını ödəyəcək zəruri xidmət sahələri fəaliyyət göstərir. Burada bərbərxana, qadın gözəllik salonu, dərzi, ət satışı yeri, ərzaq və təsərrüfat malları mağazaları, eləcə də 2 anbar vardır. Mağazalarda keyfiyyətli yerli ərzaq məhsullarının, gündəlik tələbat mallarının, xüsusilə ailə təsərrüfatı məhsullarının satışı təşkil olunub. Mərkəzdə 6 nəfər işlə təmin olunub.
Sakinlərin rahatlığına xidmət edən quruculuq tədbirləri çərçivəsində abadlaşan Şəhriyar kəndinin avtomobil yolu da yenidən qurulub.
Yanvarın 14-də avtomobil yolu istifadəyə verilib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov yolda aparılan yenidənqurma işləri ilə tanış olub.
Məlumat verilib ki, 3580 metrlik kənd avtomobil yolu yenidən qurulub, asfalt örtük salınıb. Yolun üzərində yol hərəkət nişanları qoyulub, 17 su keçidi və 256 metrlik beton kanal çəkilib, 9100 metr uzunluğunda olan kənddaxili yol hamarlanaraq qum-çınqıl qatı verilib.
Ölkəmizdə dövlət siyasətinin əsas istiqamətini vətəndaşların sağlamlığı təşkil edir. Muxtar respublikada da müasir tibbi avadanlıqlarla təchiz olunmuş səhiyyə ocaqlarının inşası insanların sağlamlığının qorunması üçün geniş imkanlar açır.
Yanvarın 14-də Şəhriyar kəndində həkim ambulatoriyası istifadəyə verilib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov səhiyyə ocağının fəaliyyəti ilə maraqlanıb.