Naxçıvan Muxtar Respublikası Atletika Federasiyasının idmançıları "Əlincəqala" Tarix-Memarlıq Muzey Kompleksində olub.
İdmançılara “Əlincəqala” Tarix-Mədəniyyət Muzeyində məlumat verilib ki, burada nümayiş olunan saxsı qab və çıraqlar, qalanın ərazisindən aşkar olunan boyalı keramika parçaları muxtar respublikada sənətkarlıq ənənələrinin qədim dövrlərdən formalaşdığını göstərən nadir eksponatlar kimi böyük əhəmiyyətə malikdir. Həmçinin muzeydə gümüş kəmər nümunələri də nümayiş olunur ki, bunlar da muzeyin ən qiymətli eksponatları sırasındadır. Diqqətə çatdırılıb ki, “Əlincəqala”nı yerli sakinlərlə yanaşı əcnəbilər də ziyarət edir, bu barədə sosial şəbəkələrdə fotolar və videoçarxlar paylaşırlar.
“Əlincəqala” Tarix-Memarlıq Muzey Kompleksi ilə tanışlıq idmançıların marağına səbəb olub.
Şərur Rayon Təhsil Şöbəsi, Gənclər və İdman İdarəsi və Uşaq Gənclər İdman Məktəbinin birgə təşkilatçılığı Gənclər və İdman İdarəsinin idman zalında stolüstü tennis üzrə qızlar arasında yarış keçirilmişdir. Yarışın keçirilməsində məqsəd idmanın stolüstü tennis növünün inkişaf etdirilməsi, şagirdlərin idmana cəlb edilməsi və idmançıların yarış bacarıqlarının yüksəldilməsindən ibarət olmuşdur.
Yarış sonunda qaliblər müəyyən edilmiş, təşkilatçılar tərəfindən diplom və hədiyyələrlə mükafatlandırılmışlar.
Babək Rayon Təhsil Şöbəsi, Polis Şöbəsi və Gənclər və İdman İdarəsinin birgə rəhbərliyi atletikanın qaçış növü üzrə yarış keçirilmişdir.
Yarışın əvvəlində şöbələr və idarə nümayəndəlikləri çıxış edərək respublikamızın yarandığı gündən bu günə kimi inkişaf dövrü haqqında məlumat vermiş, bu gün isə bütün sahələrdə daha sürətlə inkişafın getdiyini qeyd etmişlər.
Yarışa Babək şəhər 1, 2 nömrəli, Nehrəm 1 nömrəli və Hacıvar tam orta məktəbinin şagirdləri cəlb olunmuşlar.
Yarışın sonunda birinci, ikinci, üçüncü yerlər müəyyənləşdirilmiş, yer tutan şagirdlər diplom və müxtəlif hədiyyələrlə mükafatlandırılmışlar.
Ülviyyə HACIYEVA